"Ayətul-Kursi"nin izahı

    16.05.2014

"Ayətul-kursi" - Kürsü ayəsinin izahı
“Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir” (əl-Bəqərə, 255).
Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər ona dedi: "Allahın kitabında ən əzəmətli ayə hansıdır?" O da: "Ayətul-kursi" - deyə cavab verdi. Peyğəmbər buyurdu: "Elm sənin üçün mübarək olsun, ey Əbul-Munzir!"
Bu əzəmətli ayədə başqa heç bir ayənin əhatə etmədiyi Uca Allahın bir neçə isim və sifətləri cəm edilmişdir. Bu ayə olduqca böyük məna daşıyan on cümlədən ibarətdir.

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur
İlah, məbud - ibadət edilən tanrı deməkdir. İbadət edilməyə layiq olan yalnız aləmlərin Rəbbi Allahdır. Uca Allah buyurur:
“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız” (əl-Bəqərə, 21).
Həmçinin buyurur: “Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür” (əl-Həcc, 62).

Əbədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum)
Bu iki isim Allahın isimlərindəndir. Bu iki isim Allahın bütün sifətlərinin və fellərinin kamilliyini özündə cəm edir. Sifətlərinin kamilliyi əl-Həyy adında, fellərinin kamilliyi isə əl-Qayyum adındadır. Çünki, əl-Həyy adının mənası kamil həyata sahib olan deməkdir. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. O, bütün kamil sifətlərə sahibdir. Onun elmi, qüdrəti, eşitməyi, görməyi və bütün digər sifətləri də kamildir. əl-Qəyyum – O, həm Özünə, həm də bütün yaratdıqlarına qəyyumluq edəndir. Bütün məxluqlar Ona möhtacdır, O isə heç kəsə möhtac deyildir. Allahın qəyyumluq sifəti heç bir məxluqda yoxdur. Çünki, elə bir məxluq yoxdur ki, başqa məxluqa möhtac olmasın. Belə ki, biz işçilərə möhtacıq, işçilər də bizə möhtacdır; biz qadınlara möhtacıq, qadınlar da bizə möhtacdır; biz övladlara möhtacıq, övladlar da bizə möhtacdır; biz mal-dövlətə möhtacıq, mal-dövlət də qorunmaq və artırılmaq cəhətindən bizə möhtacdır. Beləliklə, bütün bunların hamısı Allaha möhtacdır. Uca Allah buyurur:
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir” (Fatir, 15).
Həmçinin, heç bir kəs başqasına mütləq şəkildə qəyyumluq edə bilməz, bunu ancaq dar bir çərçivədə edə bilər. Buna görə də Allah belə buyurur: “Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi?” (ər-Rad, 33).

Onu nə mürgü, nə də yuxu tutar
Uca Allah əbədi Yaşayan və bütün yaratdıqlarının Qəyyumu olduğunu bəyan etdikdən sonra mürgüləmək və yatmaq kimi naqis sifətləri Özündən inkar etmişdir. Çünki, bu Onun həyatının və qəyyumluğunun kamilliyinə ziddir. Peyğəmbər demişdir: “Allah yuxuya getməz və yuxuya getmək Ona yaraşmaz.”
Uca Allah Qurani Kərimdə kamil sifətlərini bəyan etdikdə Ona yaraşmayan naqis sifətləri də Özündən inkar etmişdir. Bu, həm nöqsanı inkar etmək, həm də ona əks olan sifətin kamil olmasını isbat etmək üçün edilir. Belə ki, sifətin kamilliyini bəyan etmək onun çox olmasını göstərir və hər hansı bir nöqsanın olmasını mümkün edir. Lakin nöqsanı inkar edərək kamilliyi isbat etdikdə kamillik mütləq məna daşıyır və heç bir nöqsan ona aid olmur. Məsələn, “filankəs səxavətlidir” dedikdə onun əksər hallarda səxavətli olduğu nəzərdə tutulur. Lakin “filankəs səxavətlidir, xəsislik etmir” dedikdə bilinir ki, onun səxavəti kamildir, çünki, o, xəsislik etmir.

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur
Bu, Allahın səltənətinin ümumiliyinə dəlalət edir. Ona görə də biz Allahın səltənətində yalnız Onun razı qaldığı əməlləri etməliyik. Həmçinin, bu, hökm verməyin Allaha aid edilməsinə dəlalət edir. Çünki, hər şey Onun mülküdür. Həmçinin, insanın bunu bilməsi müsibətə düçar olduqda Allahın qəzavü-qədərinə razı qalmasına və təsəlli tapmasına yardım edir.

Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər?
Havadarlıq (şəfaət) etmək – xeyir əldə etmək və ya zərəri aradan qaldırmaq üçün bir kəsdən ötrü vasitəçilik etməkdir. Qiyamət günü Peyğəmbər ümməti üçün şəfaət edəcək. Şəfaət ilə bağlı məşhur hədislərin birində Peyğəmbər belə demişdir: “Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Nəhayət, mən deyəcəyəm: “Ey Rəbbim, məni “lə iləhə illəllah” deyən kimsələrə şəfaətçi təyin et.” Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də bir kəsə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən “lə iləhə illəllah” deyən kəsləri odun içində buraxmayacağam.”
Ayədə “Onun izni olmadan” sözləri Uca Allahın hakimiyyətinin və əzəmətinin kamilliyinə göstərir. Allahın şəfaət etməyə izn verməsi üçün Allahın şəfaət edəndən və şəfaət olunandan razı olması şərtdir. Çünki, Allah buyurur:
“Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz” (ən-Nəcm, 26). “Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər” (əl-Ənbiya, 27-28).

O, məxluqatın gələcəyini və keçmişini bilir
Uca Allahın elmi bəndələrinin elmi kimi deyildir. Onun elmi kamildir, O hər şeyi biləndir. Buna görə də O bütün məxluqlarının gələcəyini və keçmişini bilir.

Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər
Biz Allahın elmindən yalnız Onun bizə məlumat verdiyi şeyləri öyrənə bilərik. Onun elmi dedikdə Allahın ad və sifətlərinə dair məlumatlar da nəzərdə tutulur.

Onun Kürsüsü göyləri və yeri əhatə edir
Bu, Allahın böyüklüyünə dəlalət edir.

Bunları qoruyub saxlamaq Ona ağır gəlmir.
Göylər və yer Allahın qorumasına möhtacdır. Əgər Allah onları qorumasa, onlar yox olub gedərlər. Uca Allah buyurur:
“Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır” (Fatir, 41).

O, Ucadır, Əzəmətlidir
O, yeddi qat səmanın və yerin Rəbbi, hər şeydən Uca və Əzəmətli Allahdır.   

Paylaş: