Allahın "əl-Xabir" adının mənası
əl-Xabir sözü xəbərdar olan deməkdir. əl-Xabir olan Allah hər şeydən xəbərdardır. Allahın əl-Xabir adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Uca Allah buyurur:
“Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: "Ol!"– dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır” (əl-Ənam, 73).
"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır" (əl-Hucurat, 13).
“Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır” (əl-Bəqərə, 271).
"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir" (əş-Şura, 27).
əl-Xabir olan Allah gizli və aşkar olan hər şeydən xəbərdardır. O, mülkündə baş verən hər şeyin həqiqətini biləndir.