Allahın "əl-Qarib" adının mənası

    20.05.2015

əl-Qarib sözü yaxın olan deməkdir. Allahın əl-Qarib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, çağırışa cavab verəndir" (Hud, 61).
Həmçinin buyurur:
“De: "Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır" (Səba, 50).
əl-Qarib olan Allah öz elmi ilə bütün yaratdıqlarına yaxındır. O, bəndələrinin dualarını qəbul edir. Uca Allah buyurur: 
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (əl-Bəqərə, 186).
Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti, müvəffəqiyyəti və yardımı ilə yaxınlaşar. Bəndənin Allaha yaxınlaşmağının dərəcəsinə görə mükafatı da qat-qat verilər.
 

Paylaş: