Rəbbimiz Allahdır!

    09.11.2013

Rəbb sözü hökmdar, itaət olunması gərəkən rəhbər, islah edən deməkdir. Allah gördüyü işlərdə tək olan Hökmdardır. Bu işlərə yaratmaq, ruzi vermək, hökmranlıq etmək, nemət vermək, mülk sahibi olmaq və hökm verməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər bir bəndə bunlara iman gətirməlidir. Uca Allah buyurur:
"O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər" (Loğman, 10-11).
Ağıllı insan Allahın möcüzələrinə baxıb onlar haqda düşündükdə Allahın varlığına, Onun kamil qüdrət sahibi olan tək Hökmdar olmasına və bütün məxluqlarına nəzarət etməsinə iman gətirir. İnsan Allahın ən böyük möcüzələrindən biridir. İnsanın varlığı Allahın tək və şəriksiz olmasına dəlil olaraq kifayət edir. Uca Allah buyurur:
"Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də. Məgər görmürsünüz?" (əz-Zariyat, 20-21).
Əgər insan özü haqda, habelə Allahın onu qəribə biçimdə yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və hər şeydən Xəbərdar olan Rəbbi vardır. Axı insan özünün yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni laxtalanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sümüklərə çevirə bilməz, yaxud bu sümükləri ət ilə örtə bilməz. Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara, dənizlərə və çaylara, gecə ilə gündüzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət etməsinə nəzər salarsa, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olar. Ağıllı adam hər dəfə bu məxluqatlar barədə düşündükdə, kainatın bu ecazkarlığına nəzər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldığını, habelə bu kainatın, Allahın Özü haqda verdiyi xəbərləri təsdiq edən möcüzələrlə dolu səhifələr və dəlil-sübutla dolu kitablar, həmçinin Onun Təkliyini sübut edən dəlillər olduğunu dərk edir. Uca Allah buyurur:
"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət, 53).
Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allah barəsində məşhur İslam alimi imam Əbu Hənifə ilə mübahisə etmək istəyir. İmam da onlara belə deyir: "Söhbətimizə başlamazdan əvvəl, bir mənə deyin görüm, Dəclə çayında öz-özünə gedib göyərtəsini ərzaq və sairə ilə dolduran, öz-özünə gedib-gələn, heç kəsin idarə etmədiyi bir gəmi haqda nə düşünürsüz?" Onlar dedilər: "Belə bir şeyin olması əsla mümkün deyil." İmam dedi: "Əgər bunun gəmiyə aid edilməsi mümkün deyilsə, bu aləmdə – göydə və yerdə baş verməsi necə mümkün ola bilər?" Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar arasındakı bağlılıq, habelə bu aləmin dəqiq və kamil biçimdə yaradılması, onun tək olan Xaliq tərəfindən yaradıldığına dəlalət edir. Odur ki, Allahı tək Rəbb olmasını qəbul etmədikcə heç kəsin imanı kamil ola bilməz. Allahın elçilərinin göndərilməsinin məqsədi sadəcə bu olmamışdır. İnsan Allahı ibadətdə təkləşdirmədikcə Allahın əzabından yaxa qurtara bilməz. Uca Allah buyurur:
"Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir" (Yusuf, 106). Yəni insanların çoxu Allahın Rəbb, yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda Allahdan qeyrilərinə, heç bir faydası və ya zərəri olmayan bütlərə ibadət edərək Ona şərik qoşurlar. Uca Allah buyurur:
"De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs belə olduğu halda Allahdan qorxmursunuz?" (Yunus, 31).
Bu ayədən göründüyü kimi Allahın varlığını inkar edən ateistlərdən fərqli olaraq Məkkə müşrikləri Allaha iman gətirir, üstəlik bilirdilər ki, onların Rəbbi, onları yaradan və onlara ruzi verən Allahdır. Lakin bununla yanaşı onlar Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyir və öz istəklərinə nail olmaq üçün onlara üz tuturdular. Qurani Kərim bir çox yerdə müşriklərin Allahın Rəbb olduğuna etiqad etdikləri halda, ibadətdə Ona şərik qoşduqlarını xəbər verir. Uca Allah buyurur:
"Əgər sən onlardan: "Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?"– deyə soruşsan, onlar mütləq: "Allahdır!"– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!" (əlƏnkəbut, 61).
"Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: "Allah!"– deyərlər. Gör necə də haqdan döndərilirlər!" (əz-Zuxruf, 87).
"De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?" Onlar: "Allahındır!"– deyəcəklər. De: "Bəs düşünüb ibrət almayacaqsınız?" De: "Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs qorxmursunuz?" De: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin hokum əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs necə olur ki, aldanırsınız?" (əl-Muminun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən Uca Allahdır. Onu da etiqad edirdilər ki, Allahdan başqa tapındıqları bütlər məxluqdurlar, nə özlərinə, nə də onlara ibadət edənlərə müstəqil şəkildə xeyir və ya ziyan toxundura bilməzlər. Onlar nə öldürməyə, nə həyat verməyə, nə də ki öləndən sonra diriltməyə qadirdirlər, nə eşitmir, nə də görmürlər. Müşriklər yəqin bilirdilər ki, bütün bunlar yalnız Allaha məxsus vəsflərdir və Onun heç bir şəriki yoxdur. Nə onlar, nə də ibadət etdikləri bütlər bunları etməyə qadir deyillər. Onlar bilirdilər ki, yaradan yalnız Allahdır və Ondan savayı hər şey məxluqdur. Lakin onlar həmin bütləri Allahla özləri arasında vasitə qəbul edir və bu bütlərin onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar. Bu barədə Uca Allah buyurur:
"Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz" (əz-Zumər, 3).
Yəni bütləri Allah yanında şəfaətçi edirdilər ki, Allah onlara yardım etsin, onlara ruzi versin və onların dünyadakı işlərini səhmana salsın. Müşriklərin Allahın Rəbb olduğunu etiqad etmələri onları İslama daxil etməmişdir. Əksinə, Uca Allah onların müşrik və kafir olduqlarını bildirmiş, onlara Cəhənnəm odunu və orada əbədi qalacaqlarını vəd etmişdir. Çünki, onlar tövhidin tələblərini lazımınca yerinə yetirməmişlər – tək Allaha ibadət etməmişlər. Bununla da aydın olur ki, Allahı təkcə Rəbb kimi qəbul etməklə tək Allaha ibadət etməyi tərk etmək insanı Allahın əzabından xilas edə bilməz.

Paylaş: