Peyğəmbərin ibadəti

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir ibadəti yerinə yetirdikdə, nə ifrata varar, nə də ki, etdiyi ibadətə laqeyd yanaşar, əksinə, orta yol tutardı. Ənəs ibn Malik demişdir: “Bir dəfə üç nəfər Peyğəmbərin evinə gəlib onun əhli-əyalından Peyğəmbərin ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar etdikləri ibadətin az olduğunu güman edib belə dedilər: “Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlamışdır.”
Onlardan birisi dedi: “Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam.”
O birisi dedi: “Mən il boyu oruc tutacağam, gündüzlər yemək yeməyəcəyəm.”
Üçüncüsü dedi: “Mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm.”
Peyğəmbər bunu eşidəndən sonra onların yanına gəlib dedi: “Filan, filan sözləri sizmi demisiniz?! Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla belə mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda, mənim yolumdan çıxan kimsələr məndən deyillər” (Səhih əl-Buxari, 5063).
Peyğəmbər ibadəti sevə-sevə yerinə yetirmiş, ümmətinə də belə etməyi, özlərini daşıya bilməyəcəkləri bir yüklə yükləməməyi tövsiyə edib demişdir: “Siz bacardığınızı yerinə yetirməlisiniz. Vallahi ki, siz usanmadıqca, Allah usanmaz” (Səhih əl-Buxari, 43).
Abdullah ibn Amr demişdir: “Bir gün Peyğəmbər məndən soruşdu: “Sən necə oruc tutursan?”
Dedim: “Hər gün.” Soruşdu: “Quranı necə xətm edirsən?”
Dedim: “Hər gecə.” Onda o mənə belə buyurdu: “Hər ayın üç gününü oruc tut, Quranı da ayda bir dəfə xətm et!”
Dedim: “Mənim bundan da çox ibadət etməyə gücüm çatar.” O dedi: “Həftədə üç gün oruc tut!”
Dedim: “Mənim bundan da artığına gücüm çatar.” Dedi: “İki gündən bir oruc tut!”
Dedim: “Mənim bundan da artığına gücüm çatar.” Dedi: “Elə isə ən fəzilətli orucu – günaşırı oruc tutan Davudun orucunu tut və həftədə bir dəfə gecələr Quranı başdan axıradək oxu.”
Abdullah ibn Amr yaşa dolduqdan sonra deyərdi: “Kaş Peyğəmbərin verdiyi rüsxəti qəbul edərdim. İndi mən artıq qocalıb əldən düşmüşəm” (Səhih əl-Buxari, 5052).
 
 
 

Paylaş: