Qədərə iman gətirməyin faydaları

    20.01.2014

Qədərə iman gətirməyin aşağıdakı faydaları vardır:

1. Razılıq

Uca Allah buyurur: "Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilir. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir". (ət-Təğabun, 11). 
Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyir: "Baş verən xoşagəlməz şeyləri və bəlaları pis hesab etməyin. Nə qədər xoşagəlməz işlər vardır ki, qurtuluşunuz ondadır və nə qədər özünüzə yaxşı hesab etdiyiniz işlər vardır ki, onda həlakınız vardır".
Məşhur İslam alimi İbn Kəsir (Allah ona rəhmət etsin) deyir: "Müsibətə düçar olan adam bilir ki, bu Allahın qədəridir. Ona səbir edir, Allahın qəzasına təslim olur və Allah da onun qəlbini hidayətə yönəldir, qəlbinə yəqinlik və dünyada itirdiklərinin daha yaxşısını ona verir".

2. Qəlbin rahatlıq tapması

İnsan baş verən şeylərin Allahın təqdiri ilə mütləq olmalı olduğunu bilsə, qəlbi rahatlanar. Əgər Allah belə yazıbsa, onun başqa bir hala düşməsi mümkün deyildir. Peyğəmbər (salləllahu aleyhi və səlləm)  buyurmuşdur: "Mükafatın böyüklüyü bəlanın böyüklüyündən aslıdır. Allah bir qövmü sevərsə, onları imtahan edər. Kim (Allahın qədəri) ilə razı qalarsa, Allah da onlardan razı qalar, kim də (Allahın qədərinə) razı qalmayıb qəzəblənərsə, Allahın da onlara qəzəbi tutar".
Əgər insan qədərə iman etməzsə, onun səbir etməsi də mümkün olmaz. Qədərə inanmayan insanlara baxın! Onlar başlarına bir müsibət gəldikdə səbir etməyib intihar etməyə cəhd edirlər. Allahın qədərinə inanan insan başına gələn hər bir işdən razı qalar və ondan daha xoş həyatı olan tapılmaz. 
Görürsən ki, insan müəyyən bir şey əldə etmək üçün çalışır, lakin əldə edə bilmir. Belə olduqda insan Allah barəsində gözəl zənn edərək bu işdə bir xeyir olduğunu güman etməlidir. Bu məsələyə dair olmuş bir əhvalat danışırlar: "Böyük ticarət müqaviləsi bağlamaq məqsədilə bir iş adamı səfər etmək üçün təyyarə limanına gəlir. O, uçuş vaxtını gəzləyərkən namaz üçün azan verilir və o, namaz qılmağa gedir. O, namazı bitirdikdən sonra görür ki, təyyarə artıq uçmuşdur. O, bu hadisəyə görə çox məyus olur. Bir müddət keçdikdən sonra təyyarənin qəzaya uğraması haqda məlumat verilir. O bu xəbəri eşitdikdə sevincinin həddi-hüdudu olmur. O, səcdəyə qapanıb sağ qaldığı üçün Allaha şükür edir. Uca Allah buyurur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz". (əl-Bəqərə, 216).

3. İtirdiyinə kədərlənməmək

Uca Allah buyurur: "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz". (əl-Hədid 22-23).

4. İnsanlardan qorxmamaq

Uca Allah buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz". (Yunus, 107). İbn Abbas (Allah ondan razıolsun) demişdir: "Bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) mənə belə buyurdu: "Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələmlər qaldırılmış və səhifələr qurumuşdur". 
 

5. Olub-keçənlərə görə peşman olmamaq 

Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində xeyir vardır. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi" (qadərallahu və mə şəə fəalə). Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır".
 

6. Günahlardan təmizlənmək 

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­mişdir: "Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə­dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını ba­ğışlamasın".
 

7. Böyük mükafatın verilməsi

Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. (əl-Bəqərə, 155-156).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir quluna xeyir diləyərsə, onu bəlalarla imtahan edər".
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) be­lə dediyini eşitmişəm: "Uca Allah buyurmuşdur: "Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbr etsə, bu­nun əvəzində ona Cənnət bəxş edərəm". Allah "sevdiyi iki şeylə" deyəndə göz­ləri qəsd edir­di".

Paylaş: