Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Dinde ayib shekillere ve videolara baxmaq gunahdir? Bes ele sheylere baxib ozunu shehvete tehrik elemek nece, o da gunahdir? Deyek ki, gunah olmadigini bilib baxirsan onda bu gunahi temizlemek uchun ne etmek lazimdir?
Cavab: 

Aleykum salam. Uca Allah bu cür çirkin şeylərə baxmağı qadağan edərək buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!  Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar". (ən-Nur, 30-31).
Bilmək lazımdır ki, Qiyamət günü gözlər, qulaqlar, əllər və digər bədən üzvləri əleyhimizə şahidlik edə bilərlər. Uca Allah buyurur: "Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"– deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz." (Fussilət, 20-24).
Bu səbəbdən Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Başqasının övrət (ayıb) yerini görməkdənsə, mənim üçün başımın dəmir bizlə deşilməsi daha xeyirlidir". (əl-Buxari; Muslim; ət-Tirmizi). 
O (salləllahu aleyhi və səlləm), bu əməli göz zinası adlandırmışdır: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd, "Musnəd" əsəri, 1/412).
Əxlaqsız film və şəkillərin axirət əzabından əlavə dünyada da insana və mənsub olduğu cəmiyyətə bir çox ağır fəsadları var:

  • Şəhvət hisslərini təhrik edərək insanı zinaya, əxlaqsızlığa sövq edir, bu isə öz növbəsində ailə dayaqlarının sarsılmasına, boşanmaya, cəmiyyətə fitnə-fəsadın və xəstəliklərin artmasına yol açır.
  • Bu cür film və şəkillərdə cazibədar qadın və kişilərə baxanlara Şeytan öz halal həyat yoldaşını gözündə çirkin və eybəcər göstərir, ailə bağlarını zəiflədir. Gözünü haramdan qoruyan ər-arvad isə bir-biri üçün cazibədar olur, aralarındakı sevgi və hörmət daha çox olur.
  • Çirkin şeylərə baxmaq insanı çirkin şeylər danışmağa, bu haqda söhbətlərdən utanmamağa aparır.
  • Bu şeylərə baxan insan gündəlik həyatda naməhrəmlərdən gözünü çəkə bilmir, bu isə daha böyük fəsadlara yol açır.
  • Qəlb rahat olmur, daim həsrət çəkir, fikir məşğul olur, gündəlik həyatında insana mane olur.
  • Bu filmlər açıq-saçıq geyimləri təbliğ edir, gözəl göstərir.
  • və s.

Bu əməlin günah olduğunu bilməyib edən günah qazanmır, amma bildikdən sonra tövbə edərək bir daha bu əmələ qayıtmaması, bunun üçün isə bəzi vasitələrdən istifadə etməsi  lazımdır. Daha ətraflı: Zina və ondan necə qorunmaq haqqında

Paylaş: