İstixarə (hacət) namazı necə qılınır?

    23.01.2014
Sual: 
Salam aleykum. Ureyinde arzu tutub hacet namazi qilmaq gunah deyil?
Cavab: 

Aleykum salam. İslamda hacət namazı, istixarə namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında, günün istənilən vaxtında qıla bilər.

İstixarə – Uca Allahdan uğur və kömək diləmək deməkdir. Cabir ibn Abdullah (radıyəllahu anhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qu­randakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədər və deyərdi: Sizdən biriniz bir işə başlamaq istədikdə iki rükət namaz qılsın və desin: "Allahummə inni əstə­xi­rukə bi ilmikə və əstəqdirukə bi qudratikə və əsəlukə min fadlikə-l-azim. Fə innəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə'lə­mu ənnə həzə-l-əmra xayrun li fi diyni və məaşi və aqibəti əmri fəq-durhu li və yəssirhu li summə barik li fih. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi diyni və məaşi və aqibəti əmri fəs-rifhu anni vəs-rifni anhu vəq-dur liyə-l-xey­ra heysu kənə summə ərdini bihi".

"aqibəti əmri" ifadəsinin yerinə "acili əmri və əcilihi"  de­mək olar.

Duanın mənası: "Ey Allahım! Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Sən­dən diləyirəm və Sənin lütf və mərhəmətindən istə­yi­rəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qa­dir­sən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bi­lən­sən! Ey Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et və bu işi mənim üçün asnlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən məni də ondan uzaq et! İstə­diyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəza və qədərinlə) məni məmnun et!"
İstixarə duasının təşəhhüddən sonra salamdan qabaq edilməsi daha yaxşıdır, lakin namazdan sonra da etmək olar. Həmçinin, əzbər bilmirsinizsə, bu duaın namazdan sonra kitabdan da oxumaq olar.
Qeyd edək ki, istixarə namazı bəzi insanların düşündüyü kimi yuxu və ya hər hansı bir əlamət görərək həmin işin uğurlu olacağını bilmək üçün qılınmır. İstixarə sözü xeyir diləməkdir. İstixarə duasının məzmunundan göründüyü kimi insan Uca Allahın həmin işin xeyirli olduğunu bildiyi halda ona nəsib etməsini diləyir. Bəzi insanlar istixarə namazını falçıların etdiyi istixarəyə bənzədirlər. Bu isə doğru deyildir. Çünki, istixarə etməkdə məqsəd dua edərək Allahdan xeyir diləməkdir. Hansısa işə başlamazdan əvvəl istixarə namazı qılmış şəxs bu işi araşdırmalı, başqaları ilə məsləhətləşməli, təcrübəsi olanlardan soruşmalı və qərara gəlməlidir: "...(ehtiyacın olan) işdə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!". (Ali İmran, 159).
Əgər iş alınarsa, bunun o insan üçün xeyirli olmasına ümid edilir. İstixarə namazı qıldıqdan sonra həmin iş alınmayıbsa, bunun daha xeyirli olması hesab olunur, çünki Uca Allah buyurur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz". (əl-Bəqərə, 216).

Teqlər: 
Paylaş: