Namaz qılarkən insanı vurmaq nə dərəcədə günahdır?
Salam aleykum. Ümumiyyətlə haqsız yerə kimisə vurmaq haramdır, bunu edən qul haqqına girərək Qiyamət günü əvəzini ödəyir. Namaz kimi əzəmətli bir ibadəti yerinə yetirərkən bu əməli etmək isə daha şiddətli günahlardandır. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) Kəbənin yanında namaz qılarkən, Əbu Cəhl və onun dostları (yaxınlıqda bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə: "Hansı biriniz filan qəbilənin (kəsdiyi) dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?" - dedi. Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Nəhayət, peyğəmbər səcdə etdikdə onu peyğəmbərin belinə - kürəklərinin arasına qoydu. Mən (bunu) görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş (bunun) qarşısını ala biləcək qədər gücüm olaydı. (Abdullah ibn Məsud rəvayətinə davam edib) dedi: "Onlar (barmaqlarını) bir-birlərinə işarə edərək gülməyə başladılar. Allahın Elçisi isə səcdədən başını qaldırmırdı. Nəhayət, Fatimə (radıyəllahu anhə) onun yanına gəldi və (qişanı) belindən götürüb kənara atdı. Peyğəmbər başını qaldırdı və (namaz bitirdikdən) sonra üç dəfə: "Allahım, Qureyşin cəzasını ver!" - dedi. Peyğəmbərin bəddua etməsi onlara pis təsir etdi. Çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra peyğəmbər adba-ad sayaraq: "Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rəbiyənin, Şuheyb ibn Rəbiyənin, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!" - dedi. O, yeddincisinin də adını çəkdi, lakin rəvayət edən bunu yadda saxlaya bilmədi. (Abdullah ibn Məsud rəvayətinə davam edib) dedi: "Canım əlində olan Allaha and olsun ki, Allahın Elçisinin adlarını çəkdiyi kəsləri (Bədr döyüşündən sonra) Bədr quyularından birində yerə sərilmiş gördüm". (Səhih əl-Buxari). Həmçinin oxuyun: Qul haqqı barədə