Təhrim surəsinin ilk beş ayəsinin təfsiri

    09.08.2015
Sual: 
Salam aleykum. Təhrim surəsinin ilk5 ayəsinin təfsirini verin zəhmət olmazsa. Allah razı olsun çox sağ olun.
Cavab: 

Aleykum salam.  Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə və Allah da bunu (Peyğəmbərə) aşkar etdikdə o, bunun bir qismini (sirr verdiyi) zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan xəbər verdi!” Əgər ikiniz də Allaha tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər". (ət-Təhrim, 1-5).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yoldaşı Zeynəbin yanında bal içirdi. Zeynəbi qısqanan Aişə və Hafsə sözləşdilər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onların yanına gələndə "Səndən qəribə iy gəlir" – desinlər. Bundan sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) balı özünə haram etdi. Uca Allah isə onun bu əməlinə irad tutaraq bildirdi ki, nə üçün Allahın halal etdiyini özünə haram edirsən? Məgər yoldaşlarının razı qalmalarını istəyirsən? Amma sənin bu əməlinə görə Allah səni bağışlayır. Uca Allah andlarımızı pozmağın əvəzində kəffarə verməyi şərt qoymuşdur. Eyni hökm bu ayədə də verilmişdir: lakin bilə-bilə içdiyiniz andlara görə sizi cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır... Allahın halal etdiyini haram etməyə heç kəsin haqqı yoxdur. Əgər kimsə belə bir işə and içərsə, onun andı sayılmır və buna görə kəffarə vermir. Nəyinsə halal və ya halal olmasını təyin etmək Allaha aiddir. Lakin əgər kimsə belə bir şeyə görə and içər və özünə hansısa geyimi, qidanı və ya Allahın halal etdiyi hər-hansı bir neməti haram edərsə, bəzi fiqh alimlərinə görə bu, and içmək sayılır. Əgər o özünə haram etdiyini yenidən istifadə edərsə, and içib andını pozanın kəffarəsi kimi kəffarə verməlidir. Əgər o kəffarə verərsə, özünə qoyduğu qadağanın hökmü ləğv edilir. Bu hər bir işə, hətta öz arvadını özünə haram etməyə də aiddir. Bəzi alimlərin fikrinə görə əgər arvadını özünə haram etməklə boşamağı niyyət edərsə, bu, boşamaq sayılır. Daha doğrusunu Allah bilir. Allah sizin vəlinizdir, sizə kömək edəndir. O sizin üçün xeyirli olanları yaxşı bilən, Öz fellərində və sözlərində hikmətli olandır. Sirri açan Həfsə, gizli danışıq isə, bal haqqında olan söhbətdir. Həfsə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ona sirr olaraq dediyi sözləri Aişəyə (radıyallahu anhə) çatdırdıqda Peyğəmbər bundan agah oldu. Həfsə onun haradan xəbər tutduğunu soruşduqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona Allah tərəfindən xəbər verildiyini çatdırdı. Çünki heç bir şey Allahdan gizli qala bilməz. Bu, Aişəyə və Həfsəyə ünvanlanan müracitədir. Əgər siz tövbə etsəniz, qəlbləriniz haqqa meyl edər. Yox əgər bir-birinizə dəstək verib qısqanclıq göstərərək onun sirrini açsanız, o zaman bilin ki, ona Allah, Cəbrail və Əbu Bəkr və Ömər kimi əməlisaleh mömin bəndələri kömək edərlər. O köməkçi sarıdan korluq çəkən deyil. Hələ bundan əlavə, mələklər də ona köməyə gələrlər. Bunun üçün xüsusi mələklər də seçilər. Uca Allah Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcələrinə xəbərdarlıq edib bildirir ki, əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sizi boşasa, mən ona sizdən daha xeyirli zövcələr qismət edərəm.

Teqlər: 
Paylaş: