əl-Fəth surəsində deyilən "səcdə izi" nə deməkdir?

    05.08.2015
Sual: 
Salam aleykum. Fəth surəsi 29cu ayəsində başa düşdüyümə görə möminlərin üzlərində səcdə izi olduğu yazılıb. Bunu zəhmət olmazsa başa salardınız.yəni səcdə izi nə deməkdir? Adətən səcdə izinin möhürlə namaz qılanlarfa görürəm. Mən isə möhürsüz qılıram.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir". (əl-Fəth, 29).

Səhabələr (Allah onlardan razı olsun) və onlardan sonra gələnlər bu ayədəki "səcdə izi" sözünü bir neçə şəkildə izah etmişlər. İbn Abbas (Allah ondan razı olsun), Xalid əl-Hənəfi, Atiyyə, Muqatil, Mucahid və Həsən əl-Basri (Allah onlara rəhmət etsin) demişlər ki, bu, Qiyamət günü möminlərin üzlərində olacaq bir parlaqlıq və nurdur. Onlar bu əlamətlə tanınacaqlar. (İbn Cərir ət-Tabəri "Fəth surəsi 29-cu ayəsinin təfsiri", 7/491-493).
Həmçinin, digər təfsir alimi Əbu Abdullah əl-Qurtubinin (Allah ona rəhmət etsin) təfsirində deyilir: "Çox səcdə etmələri və namaz qılmala­rından dolayı, onların əlamətləri alınlarındadır". (Bax: "Təfsirul-Qurtubi" kitabı).
İmam əl-Qurtubidən (rahiməhullahu) nəql olunan başqa rəvayətdə isə belə də deyilmişdir: "Üzlərində gecələr təhəccüd namazı qıldıqlarının və yuxusuz qaldıqlarının əlaməti görünür". (Bax: əl-Qurtubi "əl-Camiu li Əhkamil-Quran" kitabı).
İbn Cureyc (Allah ona rəhmət etsin) isə deyir ki: "Üzlərindəki səcdə izindən, əlamətindən məqsəd təmkinlik və gözəllikdir".
Əli ibn Əbu Talhə, İbn Abbas (radıyəllahu anhum) və Mucahid (Allah ona rəhmət etsin) isə deyir ki, bundan məqsəd, xuşu (Allah qorxusu, itaət) və təvazökarlıqdır. (Təfsirul-Muxtəsar li İbn Kəsir, 3/355).
Mənsur (rahiməhullahu) deyir ki, Mucahiddən (rahiməhullahu), Uca Allahın "Onların əlamətləri isə üzlərində olan səcdə izidir" ifadəsindəki məqsəd insanın iki gözü arasında olan izmidir? deyə soruşdum. O isə xeyir, deyə cavab verdi. Mucahid (rahiməhullahu) sözünə davam edərək deyir ki, bəzən, insanın iki gözü arasında, keçinin dizinə bənzər bir şey olur. Hal­buki, onun qəlbi daşdan daha da sərtdir. Ancaq həqiqi möminlərin əlamətləri üzlərində xuşudan meydana gələn bir nurdur. (Təfsir Qurtubi, 16/293; Muhəmməd Əli əs-Sabuni, Safvatu-t-Təfəsir, 6/130-131).

Teqlər: 
Paylaş: