Qəbir əzabı haqqında
Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Sizlərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apardılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb. O, qarmağı oturan adamın yanağına soxub onun ağzının bir tərəfini qafasına qədər cırır, sonra da bu qaydada onun ağzının digər tərəfini cırırdı. Bu əsnada ağzının əvvəl cırılan tərəfi sağalır və o, təzədən həmin tərəfi cırırdı. Mən: “Bu nədir?”– deyə soruşdum. O iki nəfər mənə: “Get!”– dedi.
Biz yolumuza davam etdik. Nəhayət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə başqa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış adamın başını əzirdi. Daşı hər dəfə onun başına vurduqda daş yumbalanıb gedirdi. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bitişərək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: “Bu kimdir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza davam etdik. Nəhayət, gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyuğun altında atəş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda onlar yuxarı qalxırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, alov səngidikdə isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən: “Bunlar kimdir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kənarında isə başqa birisi dayanmışdı, qarşısında da çoxlu daşlar var idi. Çayın içindəki adam sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Beləcə, o hər dəfə sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o, öz yerinə qayıdırdı. Mən: “Bu nədir?”– deyə soruşdum. Mənə: “Get!”– dedilər.
Biz yolumuza davam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında oturub qarşısındakı odu alovlandırırdı. Sonra yoldaşlarım məni ağaca qaldırdılar və məni elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini görməmişdim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çıxardıb bir az da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi.
Mən o iki nəfərə dedim: “Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə mənə gördüklərim barədə xəbər verin.” Onlar dedilər: “Bəli! Ağzı cırılan adama gəlincə, o, bir yalançıdır. Dünyada ikən o, yalan danışardı və onun bu yalanı hər tərəfə yayılardı. Qiyamət gününədək onun ağzı beləcə cırılacaq.
Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun içindəkilərə əməl etməmişdir. Qiyamət gününədək onun başı beləcə əziləcək. Dəlikdə gördüyün adamlar zinakarlardır. Çayın içində gördüklərin isə sələm yeyənlərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim, ətrafındakı uşaqlar isə insanların övladlarıdır. Odu alovlandıran Cəhənnəmin gözətçisi – Malikdir. Daxil olduğun birinci ev bütün möminlərin evi, bu gördüyün ev isə şəhidlərin evidir. Mən Cəbrailəm, bu da Mikaildir. Qaldır başını”. Mən yuxarı baxıb başım üzərində buluda bənzər bir şey gördüm. Onlar: “Bu sənin mənzilindir”– dedilər. Mən dedim: “Qoyun mən öz mənzilimə daxil olum!” Onlar dedilər: “Sənin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış olsaydın, mənzilinə girərdin.” (əl-Buxari, 1386).