Musiqi haramdırmı, həmçinin Quranı avazla oxumaq haqqında
Aleykumu-s-sələm. Əvvəla qeyd edək ki, din insanların kefinə və istəyinə görə deyil, istəklər dinə görə dəyişməlidir. Əgər biz dindən danışırıqsa, deməli Uca Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) adından danışırıq. Uca Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) adından isə yalan uydurmaq müsəlmana yaraşmaz. Uca Allahın adından yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı və ya Allahın adından bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur". (əl-Əraf, 33).
Həmçinin Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Kim mənim adımdan bilərəkdən yalan uydurub danışarsa, oturacağını Cəhənnəmdə hazırlasın".
Odur ki, danışdığımız hər bir sözün Uca Allah qatındakı məsuliyyətini dərk edib dediyimiz sözləri iki səhih mənbəyə -- Quran və Sünnəyə əsaslandırmalıyıq. İstənilən məsələnin halal və ya haram olması hökmü bu mənbələrə əsaslanmırsa, o batildir və deyən adam günah qazanmış olur. Biz də buna bacardığımız qədər əməl etməyə çalışırıq və bu məsələ ilə bağlı yazdığımız dəlillər, Qurani Kərimdəki bir neçə ayəyə və həmçinin Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) varid olmuş səhih hədislərə dayanır: Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qadınların toy məclisində öz aralarında dəf çalaraq rəqs etməsi və oxuması kimi hallardan başqa musiqini qadağan etmişdir.
O ki, qaldı Qurani Kərimin avazla oxunmasına, bunun musiqi ilə nə yaxından, nə də uzaqdan heç bir əlaqəsi yoxdur. Müsəlmanlar Quranı avazla oxumağı Qurani Kərimin ayələrinə və səhih hədislərə əsasən edirlər. Məsələn; Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hədislərin birində buyurub ki, "Quranı səsinizlə bəzəyib, gözəlləşdirin". Digər bir hədisdə isə Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurur ki, "Quranı nəğmələşdirməyən və ya avazla oxumayan bizdən deyil". Uca Allah buyurur: "Quranı da aramla (ağır-ağır) oxu!" (əl-Muzzəmmil, 4).
Bu ayə yuxarıda keçən iki hədisi tam izahlı şəkildə açıqlayır. Belə ki, "Quranı avazla oxumayan bizdən deyil" və ya "Quranı səsinizlə gözəlləşdirin" hədisləri bu ayəyə görə heç də musiqiyə dəlalət etmir. Ayə onu göstərir ki, hətta Quran oxuyarkən avazda belə həddi aşmamaq lazımdır. Ayədə deyildiyi kimi: "Quranı da aramla (ağır-ağır) oxu!" (əl-Muzzəmmil, 4).