Qiyamət günü Ölüm mələyi də öləcəkmi?
Aleykum salam. Qiyamət günü ölüm mələyi də daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər. Uca Allah buyurur: "Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız". (əl-Qasas, 88).
"(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir". (ər-Rahmən, 26-27).
İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: "Bu ayə nazil olduqda "(Yer) üzündə olan hər kəs (fanidir) ölümə məhkumdur" mələklər dedi ki, yer əhli həlak oldu! Uca Allah ardınca bu "Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir" ayəni nazil etdi. Mələklər yəqin oldular ki, özləri də ölümə məhkum olacaqlar". (Təfsir əl-Qurtubi, 17/165. Həmçinin Muqatil də öz təfsir kitabında bu izahı verib). Həmçinin nəzərə alın ki, Ölüm mələyinə Əzrail deyilməsi Quran və səhih hədislərdə bildirilməmişdir. Daha ətraflı: Ölüm mələyinə Əzrail demək doğrudurmu?