Qadın kişiyə evlilik təklif edə bilərmi?
Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) özü evlilik təklif etmişdir. Belə ki, Şam səfəridnən qayıtdıqdan sonra Xədicə ona elçi gələn bir neçə Məkkə zadəganın təklifini rədd edərək Muhammədə evlilik təklifi yollayır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də bu təklifi qəbul edərək onunla evlənir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onunla evlənərkən 25 yaşında, Xədicə isə 40 yaşında idi.
Evlənənə qədər isə qadın öz namusunu qorumalı, özünü ibadətlə və dini elmini artırmaqla məşğul etməli və haramlardan çəkinərək şeytanın vəsvəslərinə uymamalı, harama baxmaq, zərurət olmadan naməhrəmlə ünsiyyətdə olmaq və zinaya aparan digər səbəblərdən uzaq olmalıdır. Namaz qılmalı, Uca Allaha səmimi qəlblə yalvararaq, yalnız Ona təvəkkül edərək, Onun köməyini, yardımını diləməli və duaların qəbul olunması üçün səbəblərdən istifadə etməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 6470; Muslim, 1053).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 45; əl-Bəqərə, 153). Həmçinin oxuyun:
Tənhalıqdan xilas olmaq üçün dua varmı?
Duaların qəbul olması üçün nə etmək lazımdır?
İstixarə namazı haqqında
Süni mayalanma haqqında