Allahın "əl-Məcid" və "əl-Mubin" adlarının mənası

    22.07.2015

əl-Məcid sözü şanlı, şərəfli olan deməkdir. əl-Məcid olan Allah bütün təriflərə layiq olandır. O, bəndələrinin yanında şan-şöhrətə sahibdir. Allahın əl-Məcid adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! Bağışlayan da, Sevən də Odur! Ərşin sahibidir, Şan-şöhrətlidir (əl-Məcid)!” (əl-Buruc, 13-15).
 “Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: "Salam!"– dedilər. O da: "Salam!"– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: "Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik".
Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik.
O dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də qoca bir kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir".
Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir"
(Hud, 69-73).
əl-Mubin sözü aydın olan deməkdir. Allahın əl-Mubin adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın (əl-Mubin) Haqq olduğunu biləcəklər” (ən-Nur, 23-25).
əl-Mubin olan Allah bəndələrinə doğru yolu bəyan edəndir. Onun tək və şəriksiz olmağı açıq-aydındır. 

Paylaş: