"əl-Bələd" surəsinin izahı

    23.07.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. And içirəm bu şəhərə (Məkkəyə)! 2. Sən də o şəhərin sakinisən. 3. And olsun valideynə və onun törəməsinə! 4. Biz insanı çətinlik içində xəlq etdik. 5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir? 6. O deyir: "Mən çoxlu var-dövlət sərf etmişəm!" 7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir? 8. Məgər ona iki gözü Biz verməmişikmi? 9. Bir dillə iki dodaq verməmişikmi? 10. Ona iki yoxuşlu yola yönəltmədikmi? 11. O isə sərt yoxuşu aşmağa can atmadı. 12. Sən nə bilirsən ki, sərt yoxuş nədir? 13. O, bir kölə azad etməkdir 14. və ya aclıq günündə möhtaca yemək verməkdir – 15. qohumluq əlaqəsi çatan bir yetimə, 16. yaxud aclıqdan yerə uzanmış kasıba! 17. Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. 18. Onlar sağ tərəf sahibləridir. 19. Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər. 20. Od onların üzərində qapanacaqdır.
əl-Bələd (Şəhər) surəsinin izahı
 
And içirəm bu şəhərə (Məkkəyə)!
Məkkə şəhəri şərəfli və əzəmətli yer olduğuna görə Uca Allah ona and içir. Məkkə şəhəri yer üzündə Allah üçün ən sevimli olan yerdir. Ona görə də Uca Allah bəşəriyyətin ən şərəflisi olan Muhəmməd peyğəmbəri – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məhz Məkkədən elçi olaraq bütün insanlara göndərmişdir. Uca Allah bu əmin-amanlıq şəhəri and içməyə layiq görmüşdür. Buna baxmayaraq biz ona and içməməliyik. Çünki Allahdan qeyrisinə and içmək günahdır. Peyğəmbər demişdir: “Kim Allahdan qeyrisinə and içərsə, Allaha küfr etmiş və ya Ona şərik qoşmuşdur.”
 
Sən də o şəhərin sakinisən.
Yəni, ey Peyğəmbər, sənin Məkkənin sakini olmağın bu yeri daha çox şərəfləndirir. Uca Allah öz Peyğəmbərinə Məkkənin fəthini bəxş edərək oranı bütlərdən təmizləmişdir. Məkkə küfrdən və şirkdən azad olaraq İbrahim peyğəmbərin zamanında olduğu kimi yenidən islam və iman şəhərinə dönmüşdür.
 
And olsun valideynə və onun törəməsinə!
Bu ayədə valideyn dedikdə Adəm peyğəmbər, törəmə dedikdə isə Adəm oğulları, həmçinin, insanlardan və digər məxluqlardan olan hər bir valideyn və onun törəməsi nəzərdə tutulur.
 
Biz insanı çətinlik içində xəlq etdik.
Bu dünyada hər bir insan yaşayışını təmin etməkdə, həm dininə, həm də dünyasına aid olan işlərdə çətinliklərlə qarşılaşır, sıxıntılara məruz qalır.
 
O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
İnsan gənc olarkən özünü gümrah və güclü hiss etdiyinə görə heç kəsin, hətta Allahın ona gücü çatmayacağını güman edir. Sözsüz ki, bu bədgümanlıq kafirə nisbət edilir. Möminə gəlincə, o, Allahın hər şeyə qadir olduğunu bilir və Ondan çəkinir.
 
O deyir: "Mən çoxlu var-dövlət sərf etmişəm!"
Həmçinin, insan var-dövlətə və bol ruziyə sahib olduqda ləzzət aldığı şeylərə çoxlu var-dövlət sərf etdiyi deyir.
 
O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
Məgər o, var-dövlətinin faydasız şeylərə necə sərf etdiyini heç kəsin görməyəcəyinimi zənn edir?
 
Məgər ona iki gözü Biz verməmişikmi? Bir dillə iki dodaq verməmişikmi?
Bu ayələrdə Uca Allah insana görmək üçün iki göz, danışmaq üçün bir dil və danışdığını dəqiq ifadə etmək üçün iki dodaq bəxş etdiyini xatırladır. Bu üçü insana verilən ən böyük nemətlərdən hesab olunur. Belə ki, insan dili və dodaqları vasitəsilə qəlbində olanları ifadə edir. Əgər bunlar olmasaydı, insan qəlbində olanları başqalarına necə bildirərdi?! O bunu yalnız özünə və başqalarına yorğunluq gətirəcək işarələr etməklə yerinə yetirərdi. Lakin insan Allahın lütfü sayəsində ağ ciyərdən çıxan havanı dili və dodaqlarını hərəkətə gətirməklə müəyyən səslərə çevirir və bununla asan bir şəkildə nitq söyləyir.
 
Onu iki yoxuşlu yola yönəltmədikmi?
Burada xeyirə və şərə aparan iki yol nəzərdə tutulur. Uca Allah Öz peyğəmbərləri vasitəsilə insanlara hər iki yolu təfsilatı ilə izah etmişdir.  
 
O isə sərt yoxuşu (Əqabəni) aşmağa can atmadı. Sən nə bilirsən ki, sərt yoxuş (Əqabə) nədir?
Əqabə Uca Allaha itaət etməklə keçilən çətin və məşəqqətli olan sərt yoxuşlu bir yoldur. Sonra Uca Allah bu sərt yoxuşu qət etməyin yolu barədə xəbər verir:
 
O, bir kölə azad etməkdir
Kölə azad etmək mükafatı böyük olan əməllərdən hesab olunur. Peyğəmbər demişdir: “Həddi buluğa çatmamış üç uşağı ölən elə müsəlman yoxdur ki, Allah onu uşaq­lara olan mərhəmətinin lütfü sayəsində Cənnətə salmasın. Müsəl­manı köləlikdən azad edən elə bir adam yoxdur ki, qüdrətli və əzəmət­li Allah o müsəlmanın əzalarının müqabilində onun əzalarını Cəhən­nəm əzabından xilas etməsin” (Səhih Ədəbul Mufrad).
Bu ayədə kölə azad etmək iki mənanı özündə birləşdirir:
Birincisi, öz köləsini və ya başqasının ixtiyarında olan köləni satın almaqla köləlikdən azad etmək. 
İkincisi, insanı əsirlikdən qurtarmaq. Bu əməl Allahın dərgahında ən üstün əməllərdən sayılır.  
 
və ya aclıq günündə möhtaca yemək verməkdir –
Aclıq məhsul qıtlığı və ya xəstəliklərin yayılması səbəbi ilə baş verir.
  
qohumluq əlaqəsi çatan bir yetimə,
Yetim həddi buluğa çatmadığı halda atası vəfat etmiş uşağa deyilir. Əgər uşaq həddi buluğa çatarsa, yetim sayılmaz. Həmçinin, əgər yalnız anası vəfat edərsə, yetim sayılmaz. Qohumluq əlaqələrini möhkəmlətmək vacib olduğuna görə qohumluq əlaqəsi çatan yetimə yemək vermək və hər növ yaxşılıq etmək Allahın dərgahında daha fəzilətli əməl hesab olunur.   
 
yaxud aclıqdan yerə uzanmış kasıba!
Miskin (kasıb) gündəlik yeməyə möhtac olana deyilir. Bu ayədə yeməyi, paltarı və pulu olmayan hədsiz dərəcədə olan kasıb nəzərdə tutulur.
 
Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Sonra həmin adam yetimə və kasıba yaxşılıq etməklə yanaşı iman gətirən olmalıdır. O, Peyğəmbərin buyurduğu kimi Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun peyğəmbərlərinə, Axirət gününə və qədərə iman gətirməlidir.
Həmçinin, o, bir-birinə səbir tövsiyə edənlərdən olmalıdır. Səbir üç qisimdir: Allahın əmrlərini yerinə yetirməkdə səbirli olmaq, Allahın qadağalarından çəkinməkdə səbirli olmaq və Allahın təqdir etdiyi müsibətlərə qarşı səbirli olmaq.
Həmçinin, o, bir-birinə mərhəmət tövsiyə edənlərdən olmalıdır. Həm özü insanlara və heyvanlara mərhəmətli olmalı, həmçinin başqalarına da bunu tövsiyə etməlidir. Peyğəmbər demişdir: “Rəhm edənlərə ər-Rəhman olan Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki də sizə rəhm etsin!” (Səhih Əbu Davud).
 
Onlar sağ tərəf sahibləridir.
Yuxarıda qeyd edilən sifətlərə sahib olan kəslərə Qiyamət günü əməl kitabı sağ tərəflərindən veriləcək. Uca Allah buyurur: “Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır!” (əl-İnşiqaq, 7-9).
 
Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər.
Uca Allah onlar barəsində buyurur: “Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Onlar qızmar yel və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşagələndir. Onlar bundan əvvəl cah-calal içində idilər, böyük günah işlətməkdə israr edirdilər və deyirdilər: "Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?" (əl-Vaqiə, 41-48).
 
Od onların üzərində qapanacaqdır.
Onlar Cəhənnəmə daxil olduqda od onları bürüyərək üzərlərində bağlanacaq və onların oradan xilas olma səyləri boşa çıxacaq.
 

Paylaş: