Allahın "əl-Həsib" adının mənası
əl-Həsib sözü hesaba alan, həmçinin kifayət edən, qoruyan deməkdir. əl-Həsib olan Allah Ona təvəkkül edənlərə kifayət edəndir. Allahın əl-Həsib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir” (ən-Nisə, 86).
“Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər” (ən-Nisə, 6).
əl-Həsib olan Allah bəndələrinin əməllərini qoruyan və Qiyamət günü haqq-hesab çəkməyə gücü yetəndir.