İstixarə namazında istənilən surəni oxumaq olarmı?
Aleykum salam. Bəli, "Ayətul Kursi"-ni oxumayıb əvəzinə başqa surəni oxumaq olar. Ümumiyyətlə fərqi yoxdur, istənilən namazda, insan Qurandan özünə rahat olan hər bir surəni oxuya bilər. Uca Allah buyurur: "Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər (rahat, asan) olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin" (əl Muzzəmmil, 20).
İstixarə namazının duası – Allahdan uğur və kömək diləmək deməkdir. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki; “Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədər və deyərdi: Sizdən biriniz çətin vəziyyətə düşdükdə iki rükət namaz qılsın və desin: “Allahummə inni əstəxirukə bi ilmikə və əstəqdirukə bi qudratikə və əsəlukə min fadlikə-l-azim. Fə innəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmra xayrun li fi diyni və məaşi və aqibəti əmri fəq-durhu li və yəssirhu li summə barik li fih. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi diyni və məaşi və aqibəti əmri fəs-rifhu anni vəs-rifni anhu vəq-dur liyə-l-xeyra heysu kənə summə ərdini bih". “aqibəti əmri” ifadəsinin yerinə “acili əmri və əcilihi” demək olar.
Duanın tərcüməsi: “Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et və bu işi mənim üçün asnlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!”