Şəhadət

    14.11.2013

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa həqiqi tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq".
Bu hədisdə Peyğəmbər İslamın əsaslarını möhkəm təməl üzərində qurulan binaya bənzətmişdir. Bina təməl və sütunlar üzərində qurulduğu kimi İslam dini də bu beş təməl üzərində qurulmuşdur. Bu təməllərin ən əsası isə "Allahdan başqa həqiqi tanrı yoxdur və Muhəmməd onun elçisidir" (Lə iləhə illallah və Muhəmmədən rəsulullah) şəhadət kəlməsidir. Çünki, şəhadət yerinə yetirilmədən digər heç bir əməl qəbul olunmaz.
Lə iləhə illallah - “Allahdan başqa həqiqi tanrı yoxdur” şəhadəti imanın bütün mənalarını özündə cəm edir. Bu kəlmənin mənası “Allahdan başqa ibadət edilməyə layiq olan heç bir tanrı yoxdur” deməkdir. Bəzi adamlar bunu “Allahdan başqa Allah yoxdur” kimi tərcümə edirlər, lakin bu doğru deyildir. Əgər belə olsaydı, Qureyş qəbiləsindən olan Məkkə müşrikləri bu kəlməni qəbul edər və ona qarşı mübarizə aparmazdılar. Çünki, onlar Allahı göyləri və yeri yaradan Rəbb olmasına iman gətirirdilər. Onlar dua, nəzir, qurban, həcc kimi ibadətləri yerinə yetirir, lakin bu ibadətləri Allahla yanaşı bütlərə də həsr edir və bütləri Allahla öz aralarında ibadətdə vasitəçi olaraq qəbul edirdilər. Ona görə də sadəcə Allahın varlığını qəbul etmək iman gətirmək üçün kifayət deyildir. İndiki dövrdə insanların əksəriyyəti elə bilir ki, təkcə Allahın varlığına inanmaq mömin olmaq üçün onlara kifayət edir. Əgər belə olsaydı, yuxarıda qeyd etdiyimiz kimi Məkkə müşrikləri əsl mömin sayılardılar. Halbuki, Allah onların ibadətlərini inkar etmiş və Ona şərik qoşduqlarına görə onlara Cəhənnəm əzabını vəd etmişdir.
"Lə iləhə illallah" kəlməsi iki əsasdan ibarətdir.
Birinci: Allahdan başqasının həqiqi tanrı olmasını inkar edən "Lə iləhə" kəlməsi.
İkinci: Yalnız Allahın həqiqi tanrı olmasını təsdiq edən "İlləllah" kəlməsi.
Bu kəlmə inkardan və təsdiqdən ibarətdir. İnsan “lə iləhə” deməklə bütün tanrıların batil olduğunu, ibadətə layiq olmadığını bəyan edir, “illəllah” deməklə də yalnız Allahın həqiqi tanrı olduğunu və yalnız Onun ibadətə layiq olduğunu təsdiq edir. Bu kəlmə Allahdan başqasının ilahi keyfiyyətlərə sahib olmasını inkar edir və yalnız Allahın yeganə ilahi varlıq olduğunu təsdiq edir. Uca Allah buyurur:
"Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir tanrı yoxdur" (Muhəmməd, 19).
Peyğəmbər demişdir: "Kim səmimi qəlbdən "LƏ İLƏHƏ İLLALLAH" deyərsə, Cənnətə girər." Yəni kim bu kəlmənin mənasını bilər, onu qəlbi ilə təsdiq edər və ona əməl edərsə, Cənnətə daxil olar. Bu kəlməni deyən Allahdan başqasına ibadət etməməli, namaz, oruc, həcc, qurban, dua, nəzir və s. kimi ibadətlərin bütün növlərini yalnız Allaha həsr etməli və yalnız Onun razılığını qazanmaq üçün yerinə yetirməlidir.
"İlah" sözünün mənası ibadət edilən tanrı deməkdir. İlah insanların ibadət etdiyi, qorxub təzim etdiyidir. Onu sevir, ona ümid edir və ona bel bağlayırlar və ondan diləyirlər. Bütün bunlara haqqı olan ilah yalnız Allahdır. Əgər kimsə bu ibadətlərin bircə növünü belə Allahdan qeyrisinə həsr edərsə, onu özünə ilah, tanrı etmiş sayılır və o kimsə "LƏ İLƏHƏ İLLALLAH" kəlməsini söyləmiş olsa da öz etiqadını korlamışdır.
MUHƏMMƏDƏN RASULULLAH – “Muhəmməd Allahın elçisidir” kəlməsi Muhəmmədin Allahın peyğəmbəri, Onun bütün insanlara göndərdiyi elçi olmasını təsdiq etmək, həmçinin onun Allahdan verdiyi xəbərləri qəbul etmək və onun buyurduğu kimi Allaha ibadət etməkdir. Uca Allah buyurur:
“Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.” (əl-Həşr surəsi, 7).
Həmçinin buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).

Paylaş: