"əl-Ğaşiyə" surəsinin izahı

    02.08.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı? 2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, 3. üzülüb əldən düşəcək, 4. çox qızmar oda girəcək, 5. qaynar çeşmədən içirdiləcəkdir. 6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir. 7. O onları nə doydurar, nə də aclıqdan xilas edər. 8. O gün neçəsinin üzündə fərəh görünəcək, 9. dünyadakı səylərindən məmnun qalacaq, 10. uca Cənnətdə olacaq, 11. orada faydasız söz eşitməyəcəkdir. 12. Orada axar çeşmələr vardır; 13. Orada hündür taxtlar, 14. düzülmüş piyalələr, 15. yan-yana qoyulmuş yastıqlar, 16. və döşəmələrə sərilmiş xalçalar vardır. 17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? 18. Göyün necə yüksəldiyini görmürlər? 19. Dağların necə sancıldığını görmürlər? 20. Yerin necə döşədildiyini görmürlər? 21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. 22. Sən onların üstündə hökmdar deyilsən. 23. Lakin üz döndərib küfr edəni, 24. Allah ən şiddətli əzabla cəzalandırar. 25. Şübhəsiz ki, onların dönüşü Bizədir. 26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
əl-Ğaşiyə (Çulğalayan) surəsinin izahı

Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı?
əl-Ğaşiyə (çulğalayan) Qiyamətin adlarından biridir. Qiyamət gününə bu adın verilməsi onun insanları qorxudacağı və canlarına vəlvələ salacağı ilə əlaqədardır. Bu ayədəki sualın mənası Qiyamət günü insanları bürüyəcək dəhşətli fəlakət haqqında olan xəbəri öyrənməyə təşviq etməkdir.

O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək, qaynar çeşmədən içirdiləcəkdir.
Qiyamət günü Cəhənnəmə oduna layiq olanların üzlərinə zillət çökəcək, onların boyunlarına zəncirlərə bağlanmış halqalar taxılacaq, sonra onlar Cəhənnəmin qızmar oduna sürüklənəcək və buna görə yorulub əldən düşəcəklər. Onlar kömək dilədikdə qaynar sudan içirdiləcəklər. Uca Allah buyurur:
“Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (əl-Kəhf, 29).
Sonra Uca Allah onların yeyəcəkləri barədə xəbər verərək buyurur:
 
Onlara daridən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər.
Dari iri tikanları olan ağacdır. Bu ağac yaşıl qalana qədər dəvələr ondan qidalanır, quruduqda isə heç bir heyvan ona yaxın durmur. Sözsüz ki, Cəhənnəmdə olan Dari ağacı dünyadakından çox fərqlənir. Bu ağac Cəhənnəm əhlinə əzabdan başqa bir mənfəət gətirməyəcək.
 
O gün neçəsinin üzündə fərəh görünəcək, dünyadakı səylərindən məmnun qalacaq, uca Cənnətdə olacaq, orada faydasız söz eşitməyəcəkdir.
Qiyamət günü Cənnətə daxil olanlar bol-bol mükafat aldıqlarına görə sevinəcəklər. Onlar dünyada çəkdikləri zəhmətin əvəzinə verilən nemətləri gördükdə etdiklərindən məmnun qalacaqlar. Uca Allah buyurur:
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur” (əz-Zuxruf, 71-72).
Cənnət yeddi qat səmanın üzərində olduğuna görə uca adlandırılmışdır. Cənnətin ortası və ən uca mərtəbəsi Firdovs cənnətidir. Cənnət əhli misli görünməmiş sevinclə bir-birilərini ziyarət edəcək və canbir qəlb olacaqlar. Uca Allah buyurur:
“Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: "Salam! Salam!"– sözləri eşidəcəklər” (əl-Vaqiə, 25-26).
 
Orada axar çeşmələr vardır; Orada hündür taxtlar, düzülmüş piyalələr, yan-yana qoyulmuş yastıqlar, və döşəmələrə sərilmiş xalçalar vardır.
Burada “axar çeşmələr” dedikdə çaylar nəzərdə tutulur. Bu çaylar haqqında Uca Allah belə buyurur:
“Müttəqiləd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişmən süddən çaylar, içənləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvəbbi təfindən bağışlanma gözləyir. Mər onlar od içində ədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdilək kimsər kimi ola bilərlərmi?” (Muhəmməd, 15).
Cənnət əhli hündür taxtlara əyləşib şadyanalıq edəcəklər. Uca Allah buyurur:
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır” (Ya sin, 55-57).
Orada hər yer növbənöv xalçalarla sərilmiş olacaq. Onlar üçün orada piyalələr düzüləcək və onlar yan-yana qoyulmuş yastıqlara söykənərək istədikləri vaxt, əziyyət çəkmədən axar çeşmələrdən içəcəklər.
 
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
Bu və sonrakı ayələrdə Uca Allah sual verərək Qiyamət günü haqqında verdiyi xəbərləri inkar edənləri və gözlərinin önündə olan açıq-aydın dəlillərdən üz çevirənləri qınayır. Uca Allah əvvəlcə onların nəzər-diqqətini dəvənin yaradılışına yönəldir. Məgər onlar dəvənin yaradılışına nəzər salıb onun iri və ağır yük daşıyan heyvan olduğunu, uzaq məsafələri qət etdiyini, ağır yükləri belinə almaq üçün diz çökdüyünü, sonra heç kəsin köməyinə möhtac olmadan necə ayağa durduğunu görmürlərmi? Adətən başqa heyvanlar diz çökdükdə bellərinə qoyulan ağır yüklə ayağa durmağa çətinlik çəkir, lakin Uca Allah dəvəni insanın işinə yarasın deyə qüvvətli yaratmışdır. Dəvə hündür heyvan olduğuna görə üzərinə yük qaldırıb qoymaq olmur. Buna görə də Uca Allah onun diz çökdüyü halda üzərinə yük qoymağı, sonra onun ayağa durub yükü daşımağı insanların mənfəəti üçün asanlaşdırmışdır. Uca Allahın burada heyvanlardan ancaq dəvəni qeyd etməsi onun mənfəət baxımından digərlərindən üstün olması ilə əlaqədardır.    
 
Göyün necə yüksəldiyini görmürlər?
Məgər onlar göyün ulduzlar, günəş və ayla bəzədilərək heç bir dirəksiz necə yüksəldiyini görmürlərmi? Uca Allah buyurur:
“Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız” (ər-Rəd, 2).
 
Dağların necə sancıldığını görmürlər?
Məgər onlar bir-birinə yaxın qayalardan təşkil edilən əzəmətli dağların yerə necə sancıldığını görmürlərmi? Uca Allah buyurur: 
“O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?” (ən-Nəhl, 15-17).
Əgər Uca Allah dağları yer üzündə yaratmasaydı, yer hər tərəfdən su ilə əhatə olunduğuna görə öz əhli ilə bərabər yırğalanardı. Lakin yerə bərkidilən kəndirlər çadırı saxladığı kimi Uca Allah dağları da yeri saxlamaq üçün dirəklər etmişdir.

Yerin necə döşədildiyini görmürlər?
Məgər onlar geniş ərazisi olan yerin necə döşədildiyini görmürlərmi? Əgər yer dağlar kimi qayalardan və yamaclardan ibarət olsaydı, onda yer üzündəki məxluqlar hərəkət etmək üçün çətinlik çəkərdilər. Uca Allah dəvə, səma, dağlar və yer kimi əzəmətli dəlillərini qeyd etdikdən sonra öz Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - belə buyurur:

Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
Yəni, ey Məhəmməd, sənə nazil olan ayələri insanlara xatırlat. Sənin vəzifən haqqı çatdırmaq və bəyan etməkdir, onları haqq-hesaba çəkmək isə Bizim işimizdir.

Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. 
Yəni, sən onları zorla imana gətirən deyilsən. Lakin kim Peyğəmbərin gətirdiyi haqqı inkar edib üz dəndərərsə, Uca Allah Qiyamət günü onu Cəhənnəm odunun ən şiddətli əzabı ilə cəzalandırar.
 
Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
İnsanın ömrü nə qədər uzansa da, onun axır dönüşü Allahadır. Uca Allah Qiyamət günü insanları haqq-hesaba çəkəcək və əməllərinin qarşılığını verəcək. 

Paylaş: