Allahın "ər-Raqib" adının mənası

    03.08.2015

ər-Raqib sözü nəzarət edən deməkdir. ər-Raqib olan Allah bütün yaratdıqlarına nəzarət edəndir. Allahın ər-Raqib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah (Qiyamət günü) deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin?" İsa deyəcək: "Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən (ər-Raqib) Özün oldun. Sən hər şeyə Şahidsən”
(əl-Maidə, 116-117).
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1).
ər-Raqib olan Allah bəndələrinin əməllərinə nəzarət edəndir. O, yaratdıqlarından xəbərsiz deyildir.
ər-Raqib olan Allah bəndələrinin əməllərini qoruyan, Qiyamət günü gəldikdə isə onları haqq-hesaba çəkən və qarşılığını verəndir. 

Paylaş: