Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?
Aleykum salam. Ümumiyyətlə mötəbər İslam alimlərinin fikirlərinə görə dua, surə, ayə asılmaz və ya gəzdirilməz. Əkisnə dua edilər, ayə və ya surə isə oxunular. Dərmanı gəzdirmək xəstəyə təsir etmədiyi kimi, duanı və ya ayəni üzərində gəzdirmək də insana təsir etmir. Bundan əlavə bu cür əməllər dində olmayıb, sonradan meydana gələn bidət (dində yenilik) kimi əməllərdən sayılır. Həmçinin bunun başqa bəyənilməyən digər bir tərəfi insanın bu halda gün ərzində ayaqyoluna və ya natəmiz yerlərə girib-çıxmasıdır. Müqəddəs kəlamlarla bu cür yerlərə girib-çıxmaq olmaz. Bununla yanaşı duanı və ya hər hansı bir Quran ayəsini üzərində gəzdirməyin insana bir faydası yoxdur. Yaxşı olar ki, əgər imkan varsa, insan özü bacarırsa Quranı oxumağı öyrəsin və gün ərzində yavaş-yavaş oxumağa başlasın. Bu onun üçün daha faydalı və savablıdır. Hədisdə deyildiyi kimi "hər bir hərfinə on (10) savab var".
Həmçinin başqa hədisdə deyilir ki, "sizin ən xeyirliniz Quranı öyrənib-öyrədəndir". Əgər belə bir şey varsa, "bismilləh" (Allahın adı ilə) deyilib yandırılsın ki, pis, natəmiz yerlərə düşməsin. Uca Allah bizləri xeyir əməllərə müvəffəq eləsin!