"Allahın qılıncı" ləqəbli səhabə
Xalid ibn Vəlid əl-Məxzumi Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - “Allahın qılıncı” ləqəbi ilə tanınmış məşhur səhabəsidir. O, hicrətin 8-ci ilində, səfər ayında İslamı qəbul etmiş, sonra da bir çox döyüşlərdə layiqincə vuruşmuşdur. Peyğəmbər onu tərif edib demişdir: “Xalid, Allahın qılınclarından biridir. Allah bu qılıncla müşrikləri kəsir”. Digər hədisdə Ənəs rəvayət edir ki, Zeyd ibn Harisənin, Cəfər ibn Əbu Talibin və Abdullah ibn Rəvahanın ölüm xəbəri gəlməmişdən əvvəl Peyğəmbər ağlaya-ağlaya onların şəhid olduqlarını xəbər verib dedi: “Bayrağı Zeyd götürdü və şəhid oldu. Sonra bayrağı Cəfər götürdü və o da şəhid oldu. Sonra bayrağı İbn Rəvahə götürdü və o da şəhid oldu. Axırda bayrağı Allahın qılıncı sayılan birisi götürdü və Allah müsəlmanlara bu döyüşdə qələbə bəxş etdi” (Səhih əl-Buxari, 3757). Bu döyüşdə Xalid doqquz qılınc sındırmış, Allahın izni ilə üç minlik ordu ilə yüz iyirmi minlik ordunu qorxudub geri çəkilməyə məcbur etmişdir. Peyğəmbər də bunu müsəlmanların qələbəsi hesab etmişdir. Həmçinin, Əbu Bəkrin xilafəti dövründə baş verən Yərmuk döyüşündə müsəlmanların ordusunun sayı iyirmi yeddi min, xaçpərəst bizanslıların ordusunun sayı isə yüz iyirmi min idi. Valilər baş verən bu böyük hadisə haqda Əbu Bəkrə xəbər çatdıraraq ondan əlavə kömək istədilər. Əbu Bəkr isə onlara belə yazdı: "Hamınız birləşin və bir ordu olun! Siz Allahın köməkçilərisiniz. Allah Ona kömək edənlərə kömək olar. Ona qarşı küfr edənləri isə zəlil edər. Siz sayınızın azlığından deyil, edəcəyiniz günahlar ucbatından məğlub ola bilərsiniz. Özünüzü günahlardan qoruyun!" Sonra Əbu Bəkr dedi: "Allaha and olsun, xaçpərəstləri şeytanın vəsvəsəsindən Xalid ibn Vəlid ilə yayındıracağam". Sonra Xalidə xəbər göndərib ona İraqdan Şama tərəf getməsini və ora çatdıqda bütün qoşuna əmirlik etməsini tapşırdı. Xalid öz yerinə Musənnə ibn Harisəni təyin edib tələsik doqquz min beş yüz nəfərlik bir qoşunla Şama tərəf yollandı. Şama tez çatmaqdan ötrü özü ilə Nafi ibn Umeyrə ət-Taiy adlı bələdçini götürdü və yolu qısaltmaq üçün əvvəllər bu istiqamət üzrə istifadə edilməyən yollardan keçdi, vadilər aşaraq uzun yol qət etdi. Bu yol çox çətin və susuz vadilərdən ibarət idi. Su tükəndikdə dəvələri kəsib daxillərində olan suları atlara verdilər. Beləliklə, Xalid Şama beş gün ərzində çatdı. Yola çıxmadan öncə bir nəfər bədəvi ərəb Xalidə demişdi: "Əgər səhəri fılan ağacın yanında qarşılasan, sən və səninlə olanlar qurtulmuş olarsınız. Əgər deyilən ağaca yetişə bilməsən, sən və səninlə olanlar həlak olarsınız". Onlar səhər vaxtı həmin ağaca çatdıqda, Xalid dedi: "Səhər açılanda camaat gecə getdikləri yola sevinəcəklər". Ərəb xristianlarından olan bir nəfər səhabələrin vəziyyətini öyrənmək üçün gecə pusquya çıxmışdı. O, səhabələrin vəziyyətini gördükdən sonra belə deyirdi: "Mən gecələri rahiblik, gündüzləri süvarilik edən bir tayfa gördüm. Allaha and olsun, onların şahzadələri oğurluq etsəydi, onun da əlini kəsər, zina etsəydi, onu da daşqalaq edərdilər". Bizanslıların sərkərdəsi ona dedi: "Allaha and olsun, əgər sənin dediklərin doğrudursa, onda yerin altı üstündən daha xeyirlidir". Xalid İraqdan gəldikdə ərəb xristianlarından bir nəfər onun qarşısına çıxıb dedi: "Bizanslılar çox, müsəlmanlar isə azdırlar". Xalid dedi: "Vay sənin halına! Sən məni bizanslılarlamı qorxudursan?! Qoşun insanların sayı ilə deyil, qələbə ilə çoxalar və məğlubiyyətlə azalar. Allaha and olsun, bizanslıların saylarının artması məni maraqlandırmır, mən Əşqərin (Peyğəmbərin atının) sağalmasını istəyirəm. Bizans qoşunun başçısı Mahan Xalidi görüşə çağırdı. Xalid ibn Vəlid görüşə getdikdə Mahan dedi: "Biz bilirik ki, sizi öz diyarınızdan çıxarmağa məcbur edən aclıq və qıtlıqdır. Gəlin mən sizin hər birinizə on dinar, paş-paltar, yemək-içmək verim, siz də öz ölkənizə qayıdın. Gələn il biz sizə eyni şeyləri göndərərik". Xalid dedi: "Bizi ölkəmizdən sənin dediklərin çıxarmamışdır. Biz qaniçənlərik və eşitmişik ki, bizanslıların qanından daha ləzzətli qan yoxdur. Biz buna görə gəlmişik". Sərkərdələr ayrıldıqdan sonra igid İslam döyüşçüləri meydana atılıb döyüşü qızışdırdılar. Bizanslılar xaçları göyə qaldırıb ildırım vahiməli səslə irəli atıldılar. Keşişlər və komandirlər onları döyüşə həvəsləndirirdilər. Onların sayı həddindən artıq çox, silahları misilsiz idi. Müsəlmanlar bir nəfər kimi bizanslıların üzərinə hücuma keçdilər. Bizans qoşunu çox davam gətirməyib pərən-pərən düşdü və meydandan qaçdı. Döyüş müsəlmanların tam qələbəsi ilə bitdi. Xalid ibn Vəlid hicrətin 21-ci ilində 60 yaşında Homsda vəfat etmiş və orada Homs qapısının yaxınlığında dəfn edilmişdir. O, ölüm yatağında olarkən belə demişdir: “Mən filan, filan şiddətli döyüşlərdə iştirak etmişəm. Cəsədimdə elə bir qarış yer yoxdur ki, orada qılınc, nizə, yaxud ox yarası olmasın. İndi isə mən yatağımda öz əcəlimlə dəvə kimi ölürəm”. Allah ondan və bütün səhabələrdən razı olsun!