Allahın "əl-Qaviyyu" adının mənası
əl-Qaviyyu sözü güclü, qüvvətli olan deməkdir. Allahın əl-Qaviyyu adı Qurani-Kərimdə doqquz dəfə zikr edilir. Uca Allah buyurur:
“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir” (əl-Hədid, 25).
Həmçinin buyurur:
“Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə əzabla yaxaladı və onları Allahdan qoruyan olmadı. Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir” (Ğafir, 21-22).
əl-Qaviyyu olan Allah yenilməz qüvvət sahibidir. O, hər şeyə qadirdir.