Ömər ibn Xəttab

    25.01.2014

Əbu Həfs Ömər ibn Xəttab ibn Nufeyl əl-Qurəşi əl-Faruq fil ilindən on il sonra, yəni Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən otuz il əvvəl dünyaya gəlmişdir. Cənnətlə müjdələnmiş on nəfərdən biridir. O, Peyğəmbərin həm ən yaxın iki dostundan biri, həm də onun qayınatası, möminlərin anası – Həfsənin atasıdır. Ömər ibn Xəttab demək olar ki, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Ömər ibn Xəttab Peyğəmbərin ikinci xəlifəsi olmuş və məhz onun xilafəti dövründə o dövrün ən böyük imperiyaları, habelə Peyğəmbərimizin arzuladığı Qüds fəth edilmişdir. Peyğəmbər onu tərifləyib demişdir:
“Əgər məndən sonra peyğəmbər göndərilmiş olsaydı, Ömər olardı” (ət-Tirmizi, 2/293).
Başqa bir hədisdə Peyğəmbər demişdir: “Yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən qarşıma bir qəsr və bu qəsrin həyətində bir cavan qız çıxdı. Soruşdum: “Bu qəsr kimindir?” Dedilər: “Ömərindir!” Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü və mən dönüb oradan uzaqlaşdım”. Bunu eşidəndə Ömər dedi: “Atam-anam sənə fəda olsun, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!” (əl-Buxari, 3679).
Abdullah ibn Məsud demişdir: “Ömər İslamı qəbul edənədək müşriklər bizə Kəbənin yanında namaz qılmağa imkan vermirdilər. Ömər müsəlman olduqdan sonra qureyşlilərin müqavimətini sındırıb Kəbənin yanında namaz qıldı, biz də onunla birgə namaz qıldıq” (Səhih Sirə ən-Nəbəviyyə, 1/188).
Ömər ibn Xəttab hicrətin 13-cü ilində xilafətə gəlmiş, 10 il 6 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 23-cü ilində, zilhiccə ayının 23-ü, Mədinə şəhərində məcusi Əbu Lulu Firuz tərəfindən vurulmuş və üç gündən sonra 63 yaşında şəhid olmuşdur. Bundan sonra onu əziz iki dostunun: Peyğəmbərin və Əbu Bəkrin yanında dəfn etmişlər. 
Allah ondan və bütün səhabələrdən razı olsun!

Paylaş: