Ac olduqları halda qonağı doyuran ailə
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına qonaq gəldi. O, əshabələrdən birini yemək-içmək gətirmək üçün zövcələrinin yanına göndərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri (Allah onlardan razı olsun) evdə sudan başqa heç nə olmadığını ona xəbər verdilər. Onda o (salləllahu aleyhi və səlləm), əshabələrinə (Allah onlardan razı olsun) müraciət edib dedi: "Kim mənim qonağıma qayğı göstərər və ya onu evində qonaq saxlayar?" Ənsardan olan bir nəfər: "Mən!" - deyib onu evinə apardı və zövcəsinə: "Rəsulullahın (salləllahu aleyhi və səlləm) qonağına layiqincə hörmət et!" - deyə buyurdu. Zövcəsi ona: "Uşaqlarımın yeməyindən başqa yemək yoxdur!" - deyə cavab verdi. Əshabə dedi: "Yeməyi hazırla, çırağı yandır, uşaqlar yemək istəsələr, onları yatızdır!" Zövcəsi yeməyi hazırladı, çırağı yandırdı və uşaqlarını yatızdırdı. Sonra ayağa qalxıb özünü guya çırağı düzəldirmiş kimi göstərdi və bilərəkdən onu söndürdü. Sonra hər ikisi əllərini qaba uzadaraq özlərini guya yemək yeyirlərmiş kimi qonağa göstərdilər və o gecə onlar ac yatdılar. Səhər açıldıqda hər iki əshabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına getdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara: "Allah sizin dünənki əməlinizə güldü və ya ondan təəccübləndi!" - dedi və bu ayə nazil oldu: "(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır". (əl-Həşr, 9) (əl-Buxari, 3798).