"əl-Fəcr" surəsinin izahı

    09.09.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. And olsun dan yerinə! 2. And olsun on gecəyə! 3. And olsun cütə və təkə! 4. And olsun keçib getməkdə olan gecəyə! 5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi? 6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə, 7. sütunlar sahibi İrəm qəbiləsinə – 8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi. 9. Habelə vadidə qayaları yonan Səmud qövmünə? 10. Eləcə də sütunlar sahibi Firona? 11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış, 12. çoxlu fitnə-fəsad törətmişdilər. 13. Rəbbin də onları əzabla qamçıladı. 14. Həqiqətən, sənin Rəbbin nəzarət edir. 15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər. 16. Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər. 17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, 18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, 19. mirası hərisliklə yeyirsiniz, 20. var-dövləti də hərisliklə sevirsiniz. 21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, 22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək 23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? 24. O: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!"– deyəcəkdir. 25. O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz 26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. 27. O gün möminə deyiləcəkdir: "Ey arxayın olan kəs! 28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! 29. Mənim qullarımın cərgəsinə keç! 30. Cənnətimə daxil ol!
əl-Fəcr (Dan yeri) surəsinin izahı

And olsun dan yerinə! 
Dan yeri gündüzün başlanğıcıdır. Bu, qaranlıq zülmətdən aydın səhərədək keçən vaxtdır. Uca Allahdan başqa heç kəs gündüzün işığını gətirə bilmədiyinə görə Uca Allah burada dan yerinə and içir. Uca Allah buyurur:
“De: "Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?"
De: "Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?" (əl-Qasas, 71-72).
 
And olsun on gecəyə!
Bu ayədə Ramazan ayının axır on gecəsi nəzərdə tutulur. Bunlar ən fəzilətli gecələridir. Həmçinin, bu on gecədə min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Məhz buna görə Uca Allah onlara and içir.
 
And olsun cütə və təkə! 
Bu ayədə Uca Allah “cütə” and içdikdə məxluqlarını, “təkə” and içdikdə isə Özünü nəzərdə tutur.
 
And olsun keçib getməkdə olan gecəyə!
Gecə günbatan andan sübh açılanadək keçən vaxtdır. Gecə daima hərəkətdədir. Gecənin son üçdə bir hissəsi daha fəzilətlidir. Bu vaxt edilən dualar qəbul olunur.
 
Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
Məgər bu andlar ağıl sahibi olan kəslərin ibrət alması üçün kifayət deyilmi?
 
Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə, 
Bu ayədəki müraciət hər kəsə ünvanlanır. Ad qədim dövrdə Ərəbistan yarımadasının cənubunda yaşayan qövmün adıdır. Uca Allah onlara Hud peyğəmbəri göndərmiş, onlar isə təkəbbür göstərib Allaha küfr etmişdilər. Uca Allah buyurur:
“Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: "Bizdən daha qüvvətli kim ola bilər?"– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər” (Fussilət, 15).
Onlar öz qüvvələri ilə öyündülər, lakin Uca Allah Özünün yaradan olduğunu xatırlatmaqla onların Allah qarşısında aciz olduqlarını bildirir. Çünki Yaradan yaradılandan daha qüvvətlidir. Uca Allah Qurani-Kərimdə onlara göndərdiyi əzabdan danışaraq belə buyurur:
“Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz” (Fussilət, 16).
Səhər açılanda onlardan yalnız boş məskənləri qalmışdır.  
 
sütunlar sahibi İrəm qəbiləsinə – halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
İrəm qədim dövrdə möhkəm tikililər inşa edən qəbilənin adıdır. Onlar öz əlləri ilə inşa etdiklərinə görə qürrələnib dedilər: “Bizdən güclü kim ola bilər?”
 
Habelə vadidə qayaları yonan Səmud qövmünə?
Səmud qədim dövrdə Hicr adlanan yerdə yaşayan qövmün adıdır. Onlar qayaları yonaraq evlər düzəldirdilər.      
 
Eləcə də sütunlar sahibi Firona?
Burada “sütunlar sahibi” dedikdə Fironun kahinlərdən və əsgərlərdən ibarət olan güclü ordusu nəzərdə tutulur. Uca Allah onun yanına Musa peyğəmbəri göndərmiş, o isə həddini aşaraq Allaha küfr etmişdir. Uca Allah buyurur:
“Musanın hadisəsi sənə yetişdimi? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: "Fironun yanına yollan! O, həddini çox aşmışdır. De: "Günahlardan xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?" Musa ən böyük möcüzəni Firona göstərdi. O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib fəsad törətməyə girişdi. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək dedi: "Sizin ən uca rəbbiniz mənəm!" Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı” (ən-Nəziət, 15-25).
 
Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış, çoxlu fitnə-fəsad törətmişdilər. 
Onlar yer üzündə zülmkarlıq edərək çoxlu fitnə-fəsad törədirdilər.
 
Rəbbin də onları əzabla qamçıladı. 
Uca Allah Ad, Səmud və Firon qövmlərinin törətdikləri küfr və haqsızlıqlara görə Öz dərgahından göndərdiyi əzabla məhv etdi. Uca Allah buyurur:
“Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar. Səmud tayfası qorxunc bir səslə məhv edildi. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi? Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı” (əl-Həqqa, 4-10).
 
Həqiqətən, sənin Rəbbin nəzarət edir.
Uca Allah bu ayədə küfr edərək həddini aşan hər kəsə nəzarət etdiyini bildirir və onları layiq olduğu əzabla yaxalayacağı ilə təhdid edir. Uca Allah buyurur:
“Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir” (Muhəmməd, 10).
 
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər. 
Uca Allah insanı həm xeyir, həm də şər ilə imtahan edir. Uca Allah buyurur:
“Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (əl-Ənbiya, 35).
Uca Allah insanın şükrünü yoxlamaq üçün onu xeyirlə imtahan edir. Həmçinin, səbrini yoxlamaq üçün onu şərlə imtahan edir. İnsan daima bu iki imtahan arasında dövr edir. Uca Allah insana lütf edərək nemət verəndə o, özünün bu lütfə layiq olduğunu güman edir və bunun Allahdan olmasını etiraf etmir.   
 
Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.
Həmçinin, Uca Allah onu imtahan etmək üçün ruzisini azaldanda: “Rəbbim mənə zülm etdi, məni alçaltdı, filankəsə verdiyi kimi mənə ruzi vermədi!” – deyir. O, xoş gündə Allaha şükür etmir, özündən razı qalaraq “bu mənim haqqımdır” deyir, çətin gündə isə səbir etmir və Rəbbinə etiraz edir.
Möminə gəldikdə isə o belə deyildir. Uca Allah ona lütf edərək nemət verəndə Rəbbinə şükür edir və bunu Allahdan verilən lütf olduğunu etiraf edir. Həmçinin, Uca Allah onun ruzisini azaldanda səbir edir və səbir etdiyinə görə Rəbbindən mükafat umur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər və bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər və bu, onun üçün xeyir olar”. (Muslim, 2999).
 
Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz.
Burada Uca Allah “Xeyr!” deyərək insana heç də haqqı olmadığı halda nemət verdiyini, bunun Uca Allahdan bir lütf olduğunu, həmçinin, ruzini azaltmaqla insanı alçaltmadığını, bunun Onun hikməti və ədaləti ilə baş verdiyini bildirir.
Sonra Uca Allah insanlara lütf edib nemət verəndə onların yetimə yaxşılıq etmədiklərini, nə özləri miskini yedirtdiklərini, nə də başqasını buna sövq etdiklərini, həmçinin, ölüdən qalan və ya alış-verişdən qazanılan, yaxud yerdən hasil olan mal-dövləti hərisliklə yediklərini və dünya malına düşkün olduqlarını xəbər verir.  
 
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. 
Qiyamət günü Yer üzü dümdüz bir hala gələcək, orada nə bir dağ, bina, ağac, nə də bir əyrilik olacaq. İnsanlar da onun üzərində bir məkanda toplanacaqlar. O gün Uca Allah və bütün mələklər gələcək. Mələklər səmadan tədriclə enərək səf-səf düzüləcək və bütün məxluqları əhatə edəcəklər. O gün mələklər Cəhənnəmi gətirəcəklər. Peyğəm­bər - sallallahu aleyhi və sədemişdir: “O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcəkdir” (əl-Buxari, Ədəbul-Mufrad).
 
O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? O: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!"– deyəcəkdir.
Qiyamət günü insan öz günahlarını xatırlayacaq, lakin bu xatırlamanın və peşman olmağın heç bir faydası olmayacaq. Uca Allah buyurur: Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!” (əl-Furqan, 27).
 
O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. 
O gün Allaha qarşı çıxanlar buxovlanacaq və onlara şiddətli əzab veriləcək. Uca Allah buyurur:
“Onlar Kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Onlar yaxınlarda biləcəklər; o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər – qaynar suya tərəf; sonra odda yandırılacaqlar” (Ğafir, 70-72).
 
O gün möminə deyiləcəkdir: "Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!
Mömin bəndə dünyadan ayrılanda ruhuna: “Ey iman gətirib arxayın olan nəfs! Allahın rəhmətinə və razılılığına doğru çıx! – deyilir. O, bunu eşidəndə sevinir və ruhu bədənindən asanlıqla çıxır. O, Uca Allahın bəxş etdiyi nemətlərə razı qalmış və Onun razılığını qazanmış halda Rəbbinə tərəf qayıdır, Onun əməlisaleh bəndələrinin cərgəsinə keçərək Cənnətə daxil olur. Bu sözlər ona həm ölüm anında, həm də Qiyamət günü deyiləcək. 

Paylaş: