Allahın "əl-Cəmil" adının mənası

    10.09.2015

əl-Cəmil sözü gözəl olan deməkdir. Allahın əl-Cəmil adı Peyğəmbərin hədisində zikr edilir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Bir dəfə Peyğəm­bər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - de­di: “Qəlbində zərrə qədər təkəbbür olan kimsə Cənnətə girməz”. Bu vaxt bir adam dedi: “Adam libasının və ayaqqabısının gözəl olma­sını xoşla­yır”. Peyğəm­bər buyurdu: “Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır”. (Muslim, 265).
əl-Cəmil olan Allah hədsiz gözəlliyə sahibdir. Onun həm zatı, həm sifətləri, həm də gördüyü hər bir işi gözəldir. Yaratdıqlarına gözəllik bəxş edən də Odur. Uca Allah buyurur: “Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!” (Ğafir, 64).

Paylaş: