Təyəmmüm etməyin qaydası

    10.09.2015

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Pak torpaq müsəlmanın təmizləyicisidir. Hətta on il ərzində su tapmasa, yenə də torpaq onu əvəz edər". (Səhih Sünən Əbu Davud, 322).

Təyəmmüm etməyə əsas verən hallar

Su tapmadıqda və ya xəstəlik, yaxud şiddətli soyuq hava səbəbi ilə suyun zərər verəcəyindən qorxduqda təyəmmüm etməyə icazə verilir. Uca Allah buyurur: "Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 6).

Təmiz torpaq nədir?

Qurani-Kərimdə "təmiz torpaqla təyəmmüm edin" dedikdə yer üzü nəzərdə tutulur. Buna görə də insan əllərini yerə vurub orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Çünki ayədəki "əs-Said" sözü təkcə torpaq mənasını ifadə etmir. Bu sözün mənası yer üzü deməkdir. Əgər hansısa bir yer təmamilə daşdan ibarət olarsa və təyəmmüm etmək istəyən kimsə əllərini həmin daşa vurub təyəmmüm edərsə, bu, doğru sayılar. 

Təyəmmüm etməyin qaydası

Rəvayət edilir ki, Əmmar ibn Yasir, Ömər ibn Xəttaba (Allah onlardan razı olsun) belə dedi: "Yadındadırmı? İkimiz səfərdə idik. Sən (su tapmadığına görə) namaz qılmadın. Mən isə yerə uzanıb o üz-bu üzə çevrilərək bədə­nimi tor­pağa sürtdüm, sonra da namazımı qıldım. Mən bunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər ver­dikdə o: "Sənə belə etmək kifayət edərdi" - deyib əllərini yerə vurdu, sonra əllərinin içinə üfürdü, sonra da ovucları­nı üzünə və biləyə qədər əllə­rinə sürt­dü. (əl-Buxari, 338).
Təyəmmüm dəstəmazı əvəz edir və dəstəmazla edilməsi icazə verilən işləri təyəmmümlə də etmək olar. Həmçinin, dəstəmazda olduğu kimi namazın vaxtı daxil olmamış təyəmmüm etmək və onunla istədiyin qədər namaz qılmaq olar.

Təyəmmümü batil edən amillər

Dəstəmazı batil edən amillər təyəmmümü də batil edir. Həmçinin, su tapmadığına görə təyəmmüm edən su tapdıqda və sudan istifadə etməyə qadir olduqda təyəmmüm batil olur. Su tapana və ya sudan istifadə etməyə qadir olana qədər təyəmmümlə qılınan namazlar isə doğru sayılır.

Divar ilə təyəmmüm etməyin icazəli olması

Əbu Cuheym ibn Haris əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bir-Cə­məl­dən gələrkən qarşısına çıxan bir nəfər ona salam verdi, lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun salamını almadı. Nəhayət, divara yaxınlaşdı, əllərini divara vurub üzü­nə və əllərinə sürtdük­dən sonra o kimsənin salamını aldı. (əl-Buxari, 337).
Bir-Cəməl Mədinə şəhərinə yaxın bir yerin adıdır. Burada divar daş və ya palçıqdan olmalı, üzərində boya və ya kağız olmamalıdır.

Paylaş: