Allahın "əs-Seyyid" adının mənası
əs-Seyyid sözü ağalıq edən, idarə edən deməkdir. Allahın əs-Seyyid adı Peyğəmbərin hədisində zikr edilir. Abdullah ibn Şixxir demişdir: “Mən Amir oğullarından bir dəstə ilə birgə Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəldim. Onlar Peyğəmbərə: “Sən bizim seyidimizsən!” O isə: “əs-Seyyid Allahdır!”– dedi. Onlar dedilər: “Sən həm fəzilət, həm də əliaçıqlıq baxımından bizdən üstünsən!” O buyurdu: “Sözünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çevirməsin.” (əl-Buxari, Ədəbul-Mufrad, 211). Yəni dininizin sizə buyurduğu sözləri deyin və ifrata varmayıın. Hədislərin birində Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərə dedi: “Ey Muhəmməd! Ey seyidimiz və seyidimizin oğlu, xeyirlimiz və xeyirlimizin oğlu!” Onda Peyğəmbər belə buyurdu: “Ey insanlar, Allahdan qorxun! Şeytan sizi öz yoluna çəkməsin. Mən Abdullahın oğlu Muhəmmədəm, Allahın qulu və rəsuluyam. Vallahi, mən istəmirəm ki, siz məni Allahın məni yüksəltdiyi məqamdan daha yüksək tutasınız” (Musnəd İmam Əhməd, 3/153).
əs-Seyyid olan Allah bütün yaratdıqlarına ağalıq edən, bütün işləri idarə edən və yoluna qoyandır. Göylərin və yerin səltənəti Onun əlindədir.