"əl-Buruc" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun bürclü göyə! 2. And olsun vədə verilmiş günə! 3. And olsun şahidlik edənə və edilənə! 4. Məhv olsun xəndək kənarında yığışanlar! 5. Odunla alışdırılmış xəndək. 6. Onlar o xəndəyin qırağında oturub, 7. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər. 8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. 9. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir. 10. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır. 11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir. 12. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir! 13. Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! 14. Bağışlayan da, Sevən də Odur! 15. Ərşin sahibidir, Şan-şöhrətlidir! 16. İstədiyini edəndir. 17. Qoşunlar haqqında əhvalat sənə çatıbmı? 18. Firon və Səmud qoşunlarının. 19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar. 20. Allah onları arxadan əhatə etmişdir. 21. Bəli, bu şanlı Qurandır. 22. O, mühafizə edilən lövhədədir.
əl-Buruc (Bürclər) surəsinin izahı
And olsun bürclü göyə!
Ulduzlar toplusu bürc adlanır. Astronomiya elminə əsasən səmada on iki bürc mövcuddur. Bunlardan üçü yazda, üçü payızda, üçü yayda və üçü qışda müşahidə edilir. Səmada qoyulan bürclər Uca Allahın kamil qüdrət və geniş mərhəmət sahibi olmasına dəlalət edir. Uca Allah buyurur:
“Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır” (əl-Furqan, 61).
And olsun vədə verilmiş günə!
Bu, Uca Allahın öz peyğəmbərləri vasitəsilə insanlara vəd etdiyi Qiyamət günüdür.
And olsun şahidlik edənə və edilənə!
Bu ayədə Qiyamət günü şahidlik edən və edilən hər kəs və hər şey nəzərdə tutulur. Uca Allah Qurani-Kərimdə Muhəmməd peyğəmbərin – sallallahu aleyhi və səlləm - öz ümmətinə şahidlik edəcəyi barədə xəbər verərək belə buyurur:
“Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” (ən-Nisa, 41).
Məhv olsun xəndək kənarında yığışanlar! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
Burada qədim dövrdə Yəməndə iman gətirənləri xəndəyə atıb yandıran və kənarında yığışıb bu işgəncəni seyr edən kafirlər nəzərdə tutulur. Uca Allah “məhv olsun” deyərək onlara lənət etdiyini, onları öz mərhəmətindən uzaq saldığını bildirir. Onlar möminlərdən hər hansı bir günaha görə deyil, yalnız hər şeyə qalıb gələn, bütün təriflərə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. O, göylərin və yerin mütləq hökmdarı, hər şeyə şahid olan Allahdır. Bu əhvalat haqqında daha ətraflı məlumat almaq üçün bu məqaləni oxuyun:
"Biz bu uşağın Rəbbinə iman gətirdik!"
O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
Möminlərə bu işgəncəni verən kafirlərin ağır cinayət törətmələrinə baxmayaraq Uca Allah onları tövbə etməyə çağırır. Tövbə edib Allahın itaətinə qayıtmayanlara etdiklərinin əvəzi olaraq Cəhənnəmdə yandırıb-yaxan od əzabı hazırlanmışdır.
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
Qiyamət günü iman gətirib yaxşı işlər görənlər üçün ağacları və qəsrləri aşağısından çaylar axan Cənnət bağları vəd edilir. Orada heç bir kəsin görmədiyi, eşitmədiyi və insanın ağlına belə gəlmədiyi nemətlər vardır. Uca Allah Cənnətdəki çaylar haqqında xəbər verərək belə buyurur:
“Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?” (Muhəmməd, 15).
Səhih hədislərdə bu çayların yerin üstü ilə arxsız axdığı bildirilir. Möminlər Cənnətdə daima nemət içində əbədi qalaraq heç vaxt ölməyəcək, xəstələnməyəcək, qocalmayacaq, kədərlənməyəcək və yorğunluq hiss etməyəcəklər. İnsanın bütün arzularını təmin edən bu mükafatı qazanmaq böyük müvəffəqiyyətdir.
Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
Həqiqətən də, Uca Allahın günahkarlara verdiyi cəzası çox şiddətlidir. Peyğəmbər demişdir: “Allah zalıma müəyyən vaxtadək möhlət verər. Nəhayət, onu yaxaladıqda isə heç vaxt onu buraxmaz.” Sonra Peyğəmbər bu ayəni oxudu: “Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir.” (əl-Buxari, 4686).
Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
Uca Allah bütün məxluqatı yoxdan xəlq edərək onların başlanğıcını və sonunu yaratmışdır.
Bağışlayan da, Sevən də Odur!
O, bəndələrinin eyblərini örtən və günahlarını bağışlayan, həmçinin, bəndələrini sevən və onlar tərəfindən sevilən Allahdır.
Ərşin sahibidir, Şan-şöhrətlidir!
Sonra Uca Allah öz əzəmətini və hakimiyyətinin kamilliyini bəyan edərək ərşin sahibi olduğunu bildirir. O, bütün məxluqatın üstündə dayanan əzəmətli və uca ərşin sahibidir. O, yaratdıqlarının yanında şan-şöhrətlidir.
İstədiyini edəndir.
O, yeddi qat səmanın və yerin mütləq Hökmdarıdır. Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar. Heç kəs Onun iradəsinə qarşı çıxa bilməz.
Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarının.
Yəni, Uca Allahın Firon və Səmud qövmündən intiqam alaraq göndərdiyi əzabın xəbəri sənə gəlib çatibmı? Heç kəs onlardan bu əzabı dəf edə bilməmişdi.
Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar. Allah onları arxadan əhatə etmişdir.
Kafirlər Allahın elçisini yalan saymaqda inadkarlıq edirlər. Halbuki, Uca Allah Öz elmi və hökmranlığı ilə hər tərəfdən onları əhatə etmişdir.
Bəli, bu şanlı Qurandır.
Muhəmməd peyğəmbərin təbliğ etdiyi bu Quran əzəmətli və şərafətlidir.
O, mühafizə edilən lövhədədir.
O, Allahın dərgahında “Lövhi-Məhfuzda” – qorunan lövhədə saxlanılır. Həmçinin, qorunan bu lövhədə hər şeyin qədərinin yazıldığı bildirilir.