"əl-İnşiqaq" surəsinin izahı

    01.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Göy yarılacağı 2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; 3. Yer dümdüz ediləcəyi, 4. içindəkiləri kənara atıb boşalacağı 5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; 6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! 7. Kimin kitabı sağ əlinə veriləcəksə, 8. o, yüngül sorğu-suala tutulacaq 9. və sevincək öz ailəsinə qayıdacaqdır! 10. Kimin kitabı arxa tərəfindən veriləcəksə, 11. o özünə ölüm diləyəcək 12. və alovlu oda atılacaqdır! 13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi 14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. 15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. 16. And içirəm şəfəqə, 17. gecəyə və onun ağuşuna aldıqlarına, 18. bədirlənmiş on dörd gecəlik aya! 19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. 20. Onlara nə olub ki, iman gətirmirlər 21. və onlara Quran oxunduqda səcdə etmirlər? 22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar. 23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! 24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, 25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
əl-İnşiqaq (Yarılma) surəsinin izahı

Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
Qiyamət günü gəldikdə yeddi qat səma Uca Allahın əmrinə boyun əyərək yarılacaq.   

Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
Yer də Uca Allahın əmrinə boyun əyərək süfrə sərildiyi və ya dəri dartıldığı kimi uzadılaraq kürəvi haldan dümdüz hala gətiriləcək və bütün Adəm övladlarının cəsədlərini üzə çıxardacaq.  

Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
Yəni, ey insan, sən bu dünyada səy göstərib nəyə can atsan da, sonda Rəbbinə qayıdıb Onunla qarşılaşacaqsan! Sonra Uca Allah Qiyamət günü Onunla qarşılaşdığı zaman insanların iki qismə bölündüyünü xəbər verərək buyurur:

Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır!
Əməl kitabı sağ əlinə verilən xoşbəxt kimsədir. O, yüngül sorğu-suala tutulacaq və əzabdan xilas olub əbədi səadətə nail olduğuna görə Cənnətdə öz ailəsinin yanına sevincək qayıdacaq. Uca Allah buyurur:
“Kitabı sağ əlinə verilən deyəcəkdir: "Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam". O, uca Cənnətdə xoşbəxt həyat sürəcək, elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır. Onlara: "Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!"– deyiləcəkdir” (əl-Həqqa, 19-24)
 
Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır!
Əməl kitabı arxa tərəfdən sol əlinə verilən bədbəxt kimsədir. Uca Allah buyurur:
“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi" (əl-Həqqa, 25-29).
O özünə ölüm diləyəcək, lakin bu ona fayda verməyəcək. Çünki əməl etmək üçün dünyada verilən vaxt artıq bitmişdir. O, kafir olduğuna görə Cəhənnəm oduna atılacaq və orada əbədi qalacaq. 
 
Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.
O, dünyada ikən öz ailəsinin yanında sevinc içində idi, lakin bu müvəqqəti sevinci daimi peşmanlıq və kədər əvəz etmişdir. O, öləndən sonra yenidən dirilib Allahın hüzuruna qayıdacağına inanmırdı. 
 
Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
Uca Allah “Xeyr!” deyərək onun fikirləşdiyini inkar edir və Rəbbinin onun əməllərini gördüyünü, onlara görə sorğu-sual edəcəyini təsdiq edir.
 
And içirəm şəfəqə, gecəyə və onun ağuşuna aldıqlarına, bədirlənmiş on dörd gecəlik aya!
And içmək sözün doğruluğunu vurğulamaq üçün edilir. Ərəblər söylədiklərini vurğulamaq üçün and içməyi adət etmişdilər. Ona görə də bu üslub ərəb dilində nazil edilən Qurana da sirayət etmişdir. Bu ayələrdə Uca Allah günəş batdıqdan sonra üfüqdə qızaran şəfəqə, bütün məxluqları bürüyərək öz ağuşuna alan gecəyə, həmçinin, gecənin əlaməti sayılan və nuru kamil şəkildə saçan on dörd gecəlik aya and içir.
 
Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
Uca Allah burada hər kəsə müraciət edərək bütün insanların haldan-hala keçib dəyişəcəyini vurğulayır. İnsanın zaman və məkan, eləcə də bədəni və qəlbi ilə bağlı hər bir halı daima dəyişməkdədir. Uca Allah buyurur:
“Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir” (ər-Rum, 54).
 
Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
Yəni, onlara nə mane olur ki, iman gətirmirlər və əgər onlar Allaha və axirət gününə iman gətirsələr, bunun onlara nə zərəri olar? Uca Allah Qurani-Kərimin digər ayəsində belə buyurur:
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: "Siz bir adamı: "Rəbbim Allahdır!"– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz” (Ğafir, 28).
Onlar Quran oxunduğu zaman ona tabe olmurlar. Ayədəki "səcdə etmirlər" feili "tabe olmurlar" mənasında işlədilir. Sonra Uca Allah bunun səbəbini bəyan edərək buyurur: 

Əksinə, küfr edənlər haqqı yalan sayırlar.
Bu, onların Peyğəmbərin gətirdiyi haqqı yalan sayaraq küfr etdiklərinə görədir.

Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
Uca Allah onların Peyğəmbərə qarşı qəlblərində gizli saxladıqları düşmənçiliyi çox yaxşı bilir. 

Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
Onlara xəbər ver ki, Axirətdə onlara şiddətli əzab veriləcək. Qəlbləri ilə iman gətirib əzaları ilə yaxşı işlər görənlər isə əzaba uğramayacaqlar. Əksinə, onlar üçün Cənnətdə tükənməz nemətlər hazırlanmışdır.

Paylaş: