Allahın "əl-Qabid" və "əl-Basit" adlarının mənası

    04.10.2015

əl-Qabid sözü götürən, azaldan deməkdir. əl-Basit sözü isə əl-Qabid sözünün əksi olaraq genişləndirən, artıran deməkdir. Allahın əl-Qabid və əl-Basit adları Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisində zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Allah Elçisinin dövründə Mədinə şəhərində malların bahalaşması baş verdi. İnsanlar dedilər: “Ey Allahın Elçisi, mallar bahalaşdı, bizim üçün qiymətləri təyin et!” Allah Elçisi buyurdu: “Həqiqətən, qiymətləri təyin edən, azaldan (əl-Qabid) və artıran (əl-Basit), ruzi verən Allahdır. Mən ümid edirəm ki, (Qiyamət günü) Rəbbimlə qarşılaşdıqda sizdən nə qan, nə də mal barədə hər hansı bir haqsızlığa görə məndən haqqını tələb edən heç bir kəs olmayacaq.” (İbn Macə, 2200). Yəni, əgər mən mal sahibinin razılığı olmadan onun malına qiymət təyin etsəm, ona qarşı haqsızlıq etmiş olaram və o, Qiyamət günü buna görə məndəm haqqını tələb edə bilər.
əl-Qabid olan Allah istədiyi bəndəsinin ruzisini azaldır, istədiyini də hər hansı bir nemətdən məhrum edir. Uca Allah buyurur:
“Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin o, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından Xəbərdardır, Görəndir(əş-Şura, 27).
əl-Basit olan Allah istədiyi bəndəsinin ruzisini çoxaldır. O öz lütfünü bəndələri arasında yayır, onlara iman nurunu bəxş edir və doğru yola yönəldir.
 

Paylaş: