Namazın 3 və 4-cü rükətlərində Fatihədən sonra əlavə surə oxumaq olarmı?

    24.11.2015
Kimdən: 
Samir
Sual: 
Salam Aleykum. Namazlarda meselen zohr ve ya esrde 3 ve 4 cu ruketde fatiheden sonra her hansi sureni oxumaq olarmi?
Cavab: 

Və aleykum Salam. Namazın üçüncü və dördüncü rükətlərində Fatihə surəsindən sonra heç bir surə deyilmir. Lakin, hərdən son iki rükətdə Fatihə surəsindən sonra əlavə başqa bir surə oxumaq olar. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən son iki rükətlərdə əl-Fatihədən sonra qısa surələr oxuyar, bəzən isə oxumazdı. Hər ikisinə aid hədislər rəvayət olunmuşdur. Əbu Qətadə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhr namazının ilk iki rükə­tində əl-Fatihə surəsini və hər rükətdə bir surə oxuyar, birinci rükəti uza­dar, ikin­ci­si­ni isə qısa qılardı, hərdən ayələri (bizə) eşitdirərdi, əsr nama­zında da əl-Fa­ti­hə surəsini və iki surə oxuyar, birinci rükəti uzadar, ikin­cisini isə qısa qılardı, həmçinin sübh namazının birinci rükətini uzadar, ikin­cisini isə qısa qılardı. (əl-Buxari, 759; Muslim, 451). Bu hədis göstərir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) son iki rükətdə əl-Fatihədən sonra başqa surə oxumamışdır. Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Zöhr namazının ilk iki rükətində otuz ayə miqdarında Quran oxuyardı. Son iki rükətdə isə on beş ayə miqdarında, yaxud, əvvəl oxuduğunun yarısı qədər oxuyardı. Əsr namazının ilk iki rükətində on beş ayə miqdarında oxuyardı. Son iki rükətində isə əvvəl oxuduğunun yarısı qədər oxuyardı". (Muslim, 452). Bu hədisdə isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) son iki rükətdə əl-Fatihə surəsindən sonra əlavə başqa bir surə oxuduğu bildirilir. Alimlər bu iki hədisi cəm edərək bildirmişlər ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən son iki rükətdə əl-Fatihədən əlavə başqa surələr oxumuş, bəzən isə oxumamışdır.

Teqlər: 
Paylaş: