Namazların birləşdirilməsi və Peyğəmbərin xanımları haqqında
Aleykum salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır. Yəni xəstə olduqda və s. hallarda zöhrlə əsr və ya məğriblə işa namazlarını birləşdirməyə icazə verilir. Bu cür hallarda Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazları birləşdirərdi və bu cür etmək namazların öz vaxtında qılmaq əmrinə müxalif deyildir. Bildiyimiz kimi namaz və digər bütün ibadətlər yerinə yetirməkdə yalnız Peyğəmbərdən nümunə götürmək olar. Əgər Peyğəmbər edibsə və ya buyurubsa, biz də onun yoluna tabe olaraq edirik. Peyğəmbər səfərdə və ya müəyyən zəruri ehtiyac səbəbi ilə sübh namazını öz vaxtında qılar, zöhr namazını əsr namazı ilə, məğrib namazını da işa namazı ilə birləşdirərdi. Amma bunu daima etməzdi, yəni yalnız səfərdə və ya zərurət halında edərdi.
Sual verdiyiniz ikinci məsələyə gəlincə, ət Təhrim surəsinin əvvəlində Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir! Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)". ( ət Təhrim, 1-4).
Onlar Allah Təalanın bu ayəsi haqqında deyirlər. "...Çünki qəlbləriniz meyl etdi..." ayəsindəki meyl etmək, küfrə meyl etmək anlamındadır. Onlar deyirlər ki, bu ayə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) iki zövcəsi, Aişə və Həfsə barəsində nazil olmuşdur.
Ubeyd ibn Umeyr deyir: "Mən Aişənin belə dediyini eşitmişəm. Peyğəmbər əmisi qızı, həm də həyat yoldaşı Zeynəb bint Cəhşin yanında dayanır və orada bal içirdi. Bunu gördükdə mən və Həfsa sözləşdik ki, Peyğəmbər hansımızın yanına gəlsə ona deyərik ki, səndən kitrə (Bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye) iyi gəlir, kitrə yemisən?! Peyğəmbər həmin zövcələrindən birinin yanına daxil olur və yoldaşı da deyilən kimi edir. Bu zaman Peyğəmbər deyir: "Eyb etməz, Zeynəb binti Cəhşin yanında bal içmişdim. Bir daha belə etməyəcəyəm".
Peyğəmbər Həfsə bint Ömərin yanında idi. Peyğəmbər ona deyir ki, bunu heç kəsə demə. Mən bir daha belə etməyəcəyəm. Amma Həfsa gəlib Aişəyə işinin baş tutduğunu, Peyğəmbərin bal içməkdən imtina etdiyini və bir daha bunu etməyəcəyini deyir. Bu vaxt Allah Təala bu ayələri nazil edir: "...Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)". (ət Təhrim, 1-4), (Buxari, Kitabut Talaq - 5267).
Bu ayələrdə Uca Allah onlara tövbə etməyi buyurması o deməkdir ki, aranızda baş verən bu qısqanclıqdan ötrü etdiklərinizdən tövbə edin. "Qəlbləriniz meyl etdi" dedikdə isə bu işdə haqdan yayındı mənasına gəlir. Onların bu hərəkətləri səhv idi. Amma meyl etmək sözü küfr etmək mənasına gəlmir.