Böhtana məruz qalan nə etməlidir?

    31.01.2014
Sual: 
Salam. Zehmet olmasa böhtan haqqında melumat vererdiniz. Sizce birine böhtan atıldığında, adı lekelendiyinde bunun qarşısını almalı, yoxsa her şeyi Allaha tapşırmalıdır? Eger bunun qarşısını ala bilmirse ve buna gücü çatmırsa ne etmelidir? Xahiş edirem ki, bunu menim üçün geniş ve etrafli şerh edesiniz.
Cavab: 

Və aleykum Salam. Şühbəsiz ki, böhtan atmaq böyük günahlardan sayılır. Qurani Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzab, 38).
"Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar)". (ən Nisa, 112).
 
"(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır". (əl-İsra, 36).
Şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir. Müdafiə olunan tərəf isə yalandan and içməyin böyük günah olmasını və Allahın cəzasına səbəb olacağını başa düşərək and içməlidir. İbn Əbu Muleykə (radıyəllahu anhu) rəvayət etmişdir ki, (bir dəfə) iki qadın bir evdə (və ya bir otaqda) biz ilə dəridən çarıq tikirdilər. Bu vaxt onlardan biri əlinə biz batmış halda bayıra çıxdı və bizi o biri qadının onun əlinə batırdığını iddia etdi. (Mübahisəni həll etmək üçün) İbn Abbasa (Allah ondan razı olsun) müraciət edildikdə İbn Abbas (radıyəllahu anhumə) dedi: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əgər insanlara onların iddia etdiklər (şeylər) verilsəydi, digərlərinin qanı və malı mənimsənilmiş olardı. İttiham edilən o qadına Allahı xatırladın və bu ayəni ona oxuyun: "Həqiqətən də, Allah ilə olan əhd­lərini və andlarını ucuz qiymətə satan kəslər üçün axi­rətdə heç bir pay yox­dur...". Qadına bunu xatırlatdılar, o da etiraz etdi. İbn Abbas (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu­yur­muş­dur: "İttiham edilən şəxs and içməlidir". (əl-Buxari, 4552).
Böhtanın necə qarşısını almağa gəldiksə isə əvvəla yaxşı olar ki, siz həmin adamı tanıyırsınızsa, ona gözəl şəkildə nəsihət edəsiniz. Əgər bu mümkün deyilsə dua edərək, səbr edib, məsələni hər şeyi bilən, zalımlardan intiqam alan, məzlumun haqqını yerdən qoymayan, "əl Qahhar""əl Cəbbar" olan Uca Rəbbinə buraxasınız. Uca Allah buyurur: "...Allah yenilməz qüvvət, intiqam sahibidir!" (Ali İmran, 4).
"Biz günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir". (ər-Rum, 47).
"Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!" (əz-Zuxruf, 25).
"Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!" (əl-Buruc, 12).

Əbu Hureyrənin (Allah ondan razı olsun) bir hədisdə Peyğəmbərdən (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə eşitdiyini rəvayət edir: "Kim mülkündə olan kimsəyə haqsız yerə böhtan atsa, Qiyamət günü özü dediyi kimi olanadək döyüləcəkdir". (əl-Buxari, 8/35).
Əlidən (Allah ondan razı olsun) nəql olunan hədisdə böhtan atmaq, həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur".
Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub. Məsələn, Peyğəmbər (ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar".
Həmçinin oxuyun: Üzərinə iftira atılan qadın bundan necə xilas olsun?

Paylaş: