"ət-Təkvir" surəsinin izahı

    10.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Günəş sarınacağı zaman, 2. ulduzlar soluxub sönəcəyi zaman, 3. dağlar hərəkətə gətiriləcəyi zaman, 4. boğaz dəvələr başlı-başına qalacaqları zaman, 5. vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, 6. dənizlər alovlanacağı zaman, 7. hər kəs öz tayına qovuşdurulacağı zaman, 8. diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – 9. hansı günaha görə öldürülmüşdür; 10. səhifələr açılacağı zaman, 11. göy qopardılacağı zaman, 12. Cəhənnəm alovlandırılacağı zaman 13. və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, 14. hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. 15. And içirəm gecə çıxıb gündüz batan ulduzlara, 16. seyrə çıxıb gizlənən səyyarələrə, 17. qaralmaqda olan gecəyə, 18. və açılmaqda olan səhərə! 19. Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. 20. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, 21. orada itaət ediləndir, etibarlıdır. 22. Sizin dostunuz Muhəmməd divanə deyildir. 23. O, Cəbraili aydın üfüqdə gördü. 24. O, qeybdən də xəsislik edən deyildir. 25. Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir. 26. Elə isə ondan üz döndərib hara gedirsiniz? 27. Bu, aləmlərə yalnız bir nəsihətdir – 28. sizlərdən doğru yolda olmaq istəyənlər üçün. 29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
ət-Təkvir (Sarınma) surəsinin izahı

Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman,
Qiyamət qopduğu zaman Günəş sarınıb büküləcək və nuru sönəcək. Ulduzlar sönüb səpələnəcək və dağlar yerindən oynayıb toza çevriləcək.
 
boğaz dəvələr başlı-başına qalacaqları zaman,
On aylıq boğaz dəvə ərəblərdə ən bahalı mal hesab edilir. Görürsən ki, bu dəvəyə sahib olan bu dünyada ona necə qayğı göstərir, Axirətdə isə başlı-başına buraxaraq ona heç bir əhəmiyyət verməyəcək. Çünki Qiyamətin dəhşətli qorxusu insana hər şeyi unutduracaq. Uca Allah buyurur:
“Qulaqbatırıcı bir səs gələndə – o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır” (Əbəsə, 33-37).
 
vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
O gün bütün heyvanlar bir yerə toplanacaq. Uca Allah ədaləti bərqərar etsin deyə heyvanların bir-birilərindən qisas almasına imkan verəcək, hətta buynuzsus qoç buynuzlu qoçdan onu buynuzladığına görə qisasını alacaq. Sonra Uca Allah onları torpağa çevirəcək.
 
dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman,
O gün dənizlər alovlanıb yandığına görə yerin suları quruyacaq. Hər bir insan dünyada sahib olduğu əməllərə görə uyğun dəstəyə - yaxşılar yaxşılara, pislər pislərə, eləcə də hər dəstə öz dəstəsinə, hər ümmət də öz ümmətinə qovuşdurulacaq.
 
diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – hansı günaha görə öldürülmüşdür;
İslamdan əvvəlki cahiliyyət dövründə insanlar doğulan qız uşaqlarını özlərinə ar bilirdilər. Uca Allah buyurur:
Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!” (ən-Nəhl, 58-59).
Onlardan bəziləri körpəni rüsvayçılıq içində saxlayır, bəziləri isə ona rəhm etmədən diri-diri basdırırdı. Qiyamət günü gəldikdə isə Uca Allah körpəni diri-diri torpağa basdıran kəsi mühakimə edib təqsirləndirmək üçün körpədən hansı günaha görə öldürüldüyü soruşulacaq.
 
səhifələr açılacağı zaman,
O gün insan dünyada ikən dediyi hər bir sözü və etdiyi hər bir əməli sağında və solunda olan iki mələk tərəfindən yazıldığını və səhifələrə qeyd edildiyini görəcək.  Uca Allah buyurur:
Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər” (əl-İsra, 13-14).
 
göy qopardılacağı zaman,
Heyvanın dərisi soyulub ətdən ayrıldığı kimi Uca Allah göyü yerindən qopardıb bükəcək. Uca Allah buyurur:
“O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik” (əl-Ənbiyə, 104).
Yəni, katib səhifəni yazıb qurtardıqdan sonra onu cırılmaqdan və silinməkdən qorumaq üçün bükdüyü kimi Uca Allah da səmanı bükəcək və açıq fəzadan başqa bir şey qalmayacaq.
 
Cəhənnəm alovlandırılacağı zaman
O gün Cəhənnəm odu kafirlərin və şiddətli hərarətə tab gətirən nəhəng daşların yandırılması ilə alovlanacaq. Uca Allah buyurur:
“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır” (ət-Təhrim, 6).
 
və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,
Cənnət Allahdan qorxan müttəqilərin məskənidir. Orada heç kəsin görmədiyi, eşitmədiyi və ağlına belə gəlmədiyi nemətlər vardır. Qiyamət günü Cənnət möminlər üçün bəzədiləcək və yaxınlaşdırılacaq.
 
hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
O gün hər bir insan qazandığı yaxşı və pis əməllərini görüb biləcəkdir. Uca Allah buyurur:
“O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir"(Ali İmran, 30).
 
And içirəm gecə çıxıb gündüz batan ulduzlara, seyrə çıxıb gizlənən səyyarələrə, qaralmaqda olan gecəyə, və açılmaqda olan səhərə!
Burada Uca Allah gecə görünüb gündüz batan və öz orbiti ilə hərəkət edərək gözdən itən ulduzlara, həmçinin, günəş batarkən qaranlığı yaxınlaşmaqda olan gecəyə və aydın gündüz olanadək açılmaqda olan səhərə and içir.         
 
Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
Möhtərəm Elçi dedikdə Cəbrayıl - əleyhis-səlam - nəzərdə tutulur. O, Uca Allahın vəhy etdiyi sözü Onun elçilərinə nazil edən mələkdir.   
 
O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır.
Cəbrayıl mələklərin ən fəzilətlisi və Ərşin sahibi olan Allahın yanında ən hörmətlisidir. O, çox qüvvətli və göyün sakinləri olan mələklər tərəfindən itaət olunandır.
 
Sizin dostunuz Muhəmməd divanə deyildir.
Burada Uca Allah “sizin dostunuz” deyərək Məkkə müşriklərini məzəmmət edir və sanki belə demək istəyir: “Bu həmyerliniz Muhəmməd sizin aranızda qırx il yaşadığına və onun doğrucul insan olduğunu bildiyinizə, hətta onu Muhəmməd əl-Əmin (etibarlı) adlandırdırdığıza baxmayaraq siz onun dəvətini rədd edirsiniz”.
O, divanə deyildir, əksinə o, insanlar arasında ən üstün ağıla və iti təfəkkürə sahibdir.
 
O, Cəbraili aydın üfüqdə gördü.
Peyğəmbər Cəbrayılı xəlq edildiyi surətdə yalnız iki dəfə; birinci dəfə Hira mağarasında gün doğan tərəfdə üfüqdə, ikinci dəfə isə onu İsra gecəsi səmada görmüşdü. Bu ayədə birinci dəfə görməsi nəzərdə tutulur.
 
O, qeybdən də xəsislik edən deyildir.
Peyğəmbər Uca Allahın öz dərgahından nazil etdiyi vəhyi insanlara çatdırmaqda xəsislik etməmişdir, əksinə hər bir münasib vəziyyətdə onları öyrətmək üçün əlindən gələni etmişdir.
 
Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
Bu Quran Allahın mərhəmətindən qovulmuş şeytanların sözü deyildir. O şeytanlar ki, yalan və uydurma sözləri kahinlərə təlqin edirlər, onlar da bunu insanlara xəbər verir, insanlar da onların doğru olduğuna inanırlar.
  
Elə isə ondan üz döndərib hara gedirsiniz?
Yəni, Quranı inkar edib doğru yoldan üz döndərməklə hansı yolu tutub gedirsiniz?
 
Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru yolda olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
Bu Quran bütün bəşəriyyətə göndərilən öyüd-nəsihətdir. İnsanlardan doğru yola gəlmək istəyənlər Quranın öyüd-nəsihətindən ibrət alar. Lakin aləmlərin Rəbbi Allah istəməyincə, insanlar buna nail olmazlar.     
 

Paylaş: