"Əbəsə" surəsinin izahı

    18.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. O qaşqabağını sallayıb üzünü yana çevirdi. 2. Yanına bir korun gəlməsinə görə. 3. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi 4. və yaxud nəsihət dinləyib faydalanacaqdı. 5. Nəsihətə ehtiyacı olmayana gəlincə isə, 6. sən ona diqqət yetirirsən. 7. Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur. 8. Səy göstərib sənin yanına gələn, 9. Allahdan qorxan kimsəyə gəlincə, 10. ona məhəl qoymursan! 11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. 12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın. 13. Bu Quran kəramətli səhifələrdədir, 14. yüksək və pak səhifələrdədir. 15. Bu səhifələr elçilərin əllərində, 16. möhtərəm və müti olanların əllərindədir. 17. Qoy ölsün kafir insan! O necə də nankordur! 18. Qoy baxıb görsün Allah onu nədən yaradıb? 19. Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. 20. Sonra da onun yolunu asanlaşdırdı. 21. Sonra onu öldürüb qəbirə yerləşdirdi. 22. İstədiyi bir zaman onu dirildəcəkdir. 23. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir. 24. Qoy insan yediyinə diqqət yetirsin bir az! 25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. 26. Sonra da yeri çat-çat yarıb 27. orada taxıl yetişdiririk. 28. Habelə üzüm və yonca, 29. zeytun və xurma ağacları, 30. sıx-sıx bağlar, 31. meyvələr və otlar da bitirdik. 32. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür. 33. Qulaqbatırıcı bir səs gələndə – 34. o gün insan qaçacaq öz qardaşından, 35. anasından, atasından, 36. arvadından və övladlarından! 37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır. 38. O gün neçə-neçə üzlər parlayacaq, 39. güləcək və fərəhlənəcəkdir. 40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, 41. onları zülmət bürüyəcəkdir. 42. Məhz onlardır kafirlər, günahkarlar!
Əbəsə (Qaşqabağını tökdü) surəsinin izahı
 
O qaşqabağını sallayıb üzünü yana çevirdi. Yanına bir korun gəlməsinə görə.
Rəvayət edilir ki, Aişə demişdir: “O qaşqabağını sallayıb üzünü yana çevirdi” ayəsi kor İbn Ummu Məktum barəsində nazil olmuşdur. O, Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın elçisi! Məni haqq yoluna istiqamətləndir!” Müşriklərin başçıların­dan biri Peyğəmbərin yanında olduğundan o, ibn Ummu Məktumdan üz çevir­di və müş­rik­lərin başçısına tərəf döndü. İbn Ummu Məktum: “Məgər mənim dediyimdə xoşa­gəlməz bir şeymi var?”– dedi və bu a  yələr nazil oldu: “O qaşqabağını sallayıb üzünü yana çevirdi. Yanına bir korun gəlməsinə görə” (Sünən ət-Tirmizi).
Peyğəmbər – sallallahu aleyhi və səlləm - qəbilə başçılarının müsəlman olmasına daha çox can atırdı. Məlumdur ki, başçı İslamı qəbul etdikdə, bu onun əlaltılarının da İslama girməsinə səbəb olur. Bir gün Peyğəmbər Məkkədə Qureyş qəbiləsinin başçılarını İslama dəvət edib onlardan biri ilə söhbət edərkən səhabələrdən olan İbn Ummu Məktum adlı kor kişi Peyğəmbərin yanına gəlib ona doğru yol göstərməsini istədi. Peyğəmbər yanında olan kəslərin İslamı qəbul etməsinə ümidlə can atdığına görə onun istəyini cavabsız qoydu və ondan üz çevirib qaşqabağını salladı.

Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi və yaxud nəsihət dinləyib faydalanacaqdı.
Yəni, kor kişinin sənin nəsihətini dinləyib qəlbinin günahlardan saflaşacağına və əməllərinin yaxşılaşacağına səndə şübhə doğuran nədir? O buna sənin yanında olan adamlardan daha çox layiqdir.    

Nəsihətə ehtiyacı olmayana gəlincə isə, sən ona diqqət yetirirsən. Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.
Çoxlu var-dövlətə və insanlar arasında yüksək mövqeyə sahib olduğuna görə özünü sənin nəsihətinə ehtiyacsız görən adama gəlincə, dəvətini qəbul etsin deyə sən ona diqqət yetirirsən. Onun təmizlənməməyinin sənə aidiyyəti yoxdur. Çünki bunun günahı onun özünə aiddir, sənin vəzifən isə yalnız Allahın dinini təbliğ etməkdən ibarətdir.
 
Səy göstərib sənin yanına gələn, Allahdan qorxan kimsəyə gəlincə, ona məhəl qoymursan!
Sənin məclisinə qatılmaq üçün səy göstərib yanına tələsən, Allahı tanıyaraq Ondan qorxan kimsəyə gəlincə, sən ona fikir vermirsən.
 
Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
Burada Uca Allah “Xeyr!” deyərək öz Peyğəmbərinə bir daha belə etməməyi tövsiyə edir. Uca Allahın bu nəsihəti Onun nazil etdiyi Quranın ayələridir. Kim istəsə, onun öyüd-nəsihətini xatırlayıb ibrət alar.
 
Bu Quran kəramətli səhifələrdədir, yüksək və pak səhifələrdədir. Bu səhifələr elçilərin əllərində, möhtərəm və müti olanların əllərindədir.
Quranın öyüd-nəsihətlə dolu ayələri Allahın dərgahında əzəmətli səhifələrə yazılmışdır. Bu səhifələr yaraşıqlı, gözəl əxlaqlı və xeyirxah mələklərin əllərindədir. Peyğəmbər demişdir: “Quran oxuyan və onu əz­bər­­dən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə ikiqat savab qazanır.” (əl-Buxari, 4937).
 
Qoy ölsün kafir insan! O necə də nankordur!
Yəni, Allah kafir insana lənət etsin, onu küfr etməyə nə vadar edir? O, Allaha küfr etdiyinə görə necə də nankordur! Burada küfrün hər növü nəzərdə tutulur. İnsanların əksəriyyəti Qiyamət günü yenidən dirilməni inkar etdiyinə görə Uca Allah sonrakı ayədə buna işarə edərək buyurur:
 
Qoy baxıb görsün Allah onu nədən yaradıb?
Yəni, ey yenidən dirilməni inkar edən insan! Məgər sən heç kimə məlum olmadığın halda yoxdan yaradılıb insan olaraq vücuda gətirilmədinmi? Elə isə Qiyaməti necə inkar edirsən?
 
Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
Nütfə suyu az olan maye deməkdir. Bu maye kişidən süzülüb tökülür və qadının rəhmi ilə qarşılaşdıqda qadın hamilə qalır. Daha sonra nütfə qan laxtasına, sonra ət parçasına çevrilərək kamil insan olana qədər bir sıra inkişaf mərhələrindən keçib formalaşır. Peyğəmbər demişdir: “Sizlər­dən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə ha­lın­da, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah onun yanına bir mələk göndərir. Bu mələyə dörd şey yaz­maq əmr edilir və ona: “Bu uşağın əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoş­bəxt olacağı­nı yaz!”– deyilir. Sonra ona ruh üfürülür...” (əl-Buxari, 3208).
 
Sonra da onun yolunu asanlaşdırdı.
Sonra Uca Allah insanı ana bətnindən dünyaya çıxmaq, sonra ana südünü əmmək, daha sonra növbənöv ruzilərdən qidalanmaq üçün yolunu asanlaşdırır. Həmçinin, öz elçilərini göndərərək və ilahi kitablar nazil edərək ona hidayət yolunu asanlaşdırır.
 
Sonra onu öldürüb qəbirə yerləşdirdi. İstədiyi bir zaman onu dirildəcəkdir.
Sonra Uca Allah ruhunu bədənindən çıxardıb onu öldürür və digər canlılardan fərqli olaraq ona ehtiram göstərib dəfn etdirir. Əgər insan öldükdən sonra cəsədi zibilliyə atılsaydı, bu, meyidə və onun yiyələrinə qarşı hörmətsizlik olardı. Lakin Uca Allah öz lütfü sayəsində bizə meyidi dəfn etməyi buyurmuşdur. Qiyamət günü gəldikdə isə etdiklərinin əvəzini vermək üçün onu dirildəcəkdir.
 
Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.
Uca Allah “Xeyr!” deyərək qəbirə gömülən meyidin dirilmə əmrinin Qiyamətə qədər yubadıldığını bildirir. Sonra Uca Allah insana bəxş etdiyi nemətləri xatırladaraq buyurur:
 
Qoy insan yediyinə diqqət yetirsin bir az!
Qoy insan yediyinə baxıb onun necə yarandığı barədə düşünsün. Allahdan başqa onu yaradan varmı? Allahdan başqa bitkiləri cücərdib bitirən, sonra yetişdirərək bizim üçün qida məhsulu halına gətirən varmı? Uca Allah buyurur:
“Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz? Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz, və deyərdiniz: "Biz ziyana uğradıq. Daha doğrusu nemətlərdən məhrum olduq!" (əl-Vaqiə, 62-67).
 
Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk.
Yağışı buludların arasından bol-bol yağdıraraq yeri çat-çat yarıb orada dənli bitkilər yetişdirən Allahdır.
 
Habelə üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitirdik. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
Həmçinin, Uca Allah yerdə üzüm və yonca, zeytun və xurma ağacları, ağacları sıx-sıx bitən bağlar, növbənöv meyvələr və otlar yetişdirir. Bütün bu nemətlər həm insanların, həm də heyvanların qidalanması və ləzzət alması üçün yaradılmışdır.  
 
Qulaqbatırıcı bir səs gələndə – o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
Bu surədə Uca Allah insanın nütfədən yaradılaraq inkişaf etdiyini, sonra dünyaya gəlib orada yaşadığını qeyd etdikdən sonra onun Axirətdəki halını qeyd edir. Qiyamət günü qulaqbatırıcı bir səs gələcək. O gün insan ən yaxın adamlarından qaçacaq. Çünki hər kəs öz canı hayında olacaq və başqasına diqqət yetirməyəcək. Abdullah ibn Abbas demişdir: “Peyğəm­bər mənə dedi: “Qiyamət günü siz ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız”. Bu vaxt bir qadın təəccüblə soruşdu: “Bəs biz bir-birimizi görəcəyikmi?” Peyğəmbər: “Ey filankəs!”– dedi, sonra da bu ayəni oxudu: “O gün onlardan hər birinin yetərincə işi olacaq­dır” (Səhih Sünən ət-Tirmizi).
   
O gün neçə-neçə üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir.
O gün Uca Allah insanları iki zümrəyə ayıracaq. Möminlərə gəlincə, onlara Cənnətlə müjdə verildiyinə görə üzləri sevincdən parlayacaq, güləcək və fərəhlənəcək.
 
O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar!
O gün neçə-neçə insanlar rüsvay olduğuna görə üzləri toz-torpaq hopmuş kimi qapqara olacaq. Məhz belələri günahkar olan kafirlərdir!

Paylaş: