"ən-Nəbə" surəsinin izahı

    21.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
ən-Nəbə (Xəbər) surəsinin izahı   

1-5. Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində – elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər! Bir daha xeyr! Onlar hökmən biləcəklər! 
Burada Uca Allah insanların bir-birindən böyük bir xəbər, yəni Peyğəmbərin - sallallahu aleyhi və səlləm - gətirdiyi açıq-aydın dəlillər, xüsusilə də, Axirət günü dirilmə və sorğu-suala çəkilmə barədə soruşduqlarını bildirir. İnsanlar Peyğəmbərin gətirdiyi bu böyük xəbər barəsində müxtəlif fikirdədirlər. Belə ki, bəziləri iman gətirib onu təsdiq edir, bəziləri isə küfr edərək onu yalan sayırlar. Küfr edənlər Qiyaməti gördükdə onun həqiqət olduğunu hökmən biləcəklər. Sonra Uca Allah insanlar şükür etsin deyə onlara bəxş etdiyi nemətləri bəyan edərək buyurur:
 
6-16. Məgər Biz yeri yataq etmədikmi? Dağları da payalar?! Biz sizi cüt yaratdıq. Yuxunuzu da sizin üçün rahatlıq etdik. Gecəni örtük etdik, gündüzü isə ruzi qazanmaq vaxtı. Üstünüzdə yeddi möhkəm göy qurduq və çox parlaq bir çıraq yaratdıq. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək, habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
Uca Allah məxluqların rahat hərəkət etməsi üçün yeri döşədi, dağları isə yer silkələnməsin deyə dirək etdi. Həmçinin, insanları kişi və qadın olaraq cüt yaratdı, insanlar üçün yuxunu yorğunluğu aparan vasitə etdi, gecəni örtük, gündüzü isə ruzi qazanmaq vaxtı etdi. Uca Allah üstümüzdə yeddi qat möhkəm göy qurdu, çox parlaq işıq saçan və güclü istilik verən Günəş yaratdı. Həmçinin, buludları bir-birinə sıxaraq yağışı bol yağdırır ki, onunla dənli və digər bitkilər yetişdirsin, habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salsın və onlardan növbənöv meyvələr yetişdirsin. Uca Allah bəxş etdiyi nemətləri xatırlatdıqdan sonra Qiyamət qopduğu zaman insanların halı barədə xəbər verərək buyurur:
 
17-20. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir! Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. O gün göyün qapıları açılacaqdır. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
Ayırd etmə günü Qiyamətin adlarından biridir. Bu, Uca Allahın insanları möminlər və kafirlər olaraq iki zümrəyə ayırmaq və etdiklərinin əvəzini vermək üçün bəlli bir vaxta təyin etdiyi gündür. Çünki Allahın dərgahında hər bir şey əzəldən təqdir edilmişdir. O gün İsrafil adlı mələk suru iki dəfə üfürəcək. Birinci dəfə üfürdükdə insanlar huşlarını itirib öləcək, ikinci dəfə üfürdükdə isə bütün Adəm övladları qəbirlərindən çıxacaq və ruhları bədənlərinə qovuşacaq. İnsanlar əməllərinə görə uyğun gələn dəstələrə qoşulub dəstə-dəstə Allahın hüzuruna gələcəklər. O gün Uca Allah göyü mühafizə olunan bir tavan halından insanların görə biləcəyi açıq qapılar halına gətirəcək. Əzəmətli dağları isə hərəkətə gətirib toza, sonra da yox olub itən ilğıma çevirəcək.
 
21-26. Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. Onlar orada nə bir sərinlik, nə də sərinlədici içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq – törətdikləri əməllərinə uyğun bir cəza kimi. 
Cəhənnəm küfr edərək həddi aşan kəslər üçün pusquda dayanan və əbədi qalacaqları bir yerdir. Uca Allah buyurur:
“Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yaxıb-yandıran Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər” (əl-Əhzab, 64-65).
Orada onların nə bədənləri bir sərinlik görəcək, nə də bətnləri sərinlədici içki qəbul edəcək. Uca Allah buyurur:
“Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (əl-Kəhf, 29).
Onların içdikləri qaynar su və soyuq irin olduğuna görə bağırsaqları kəsik-kəsik olacaq və ciyərləri parçalanacaq. Onlar bu cəzanı törətdikləri əməllərin əvəzində heç bir haqsızlığa yol verilmədən alacaqlar.
 
27-30. Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər. Biz hər bir şeyi hesablayıb yazmışıq. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
Onlar Qiyamət günü haqq-hesaba çəkiləcəklərini inkar edir və yalan olduğunu söyləyirdilər. Burada Uca Allah yaratdığı hər bir şeyin qədərini öz dərgahındakı kitaba yazdığını bildirir. O gün kafirlər məzəmmət olunaraq onlara deyiləcək: “Dadın əzabı! Bu əzab sizdən heç vaxt götürülməyəcək və yüngülləşdirilməyəcək, əksinə artırılaraq uzadılacaq.” Sonra Uca Allah Qiyamət günü möminlərə bəxş edəcəyi nemətlər barəsində xəbər verərək buyurur:
 
31-37. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. Həmçinin bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb doldurulmuş qədəhlər də vardır! Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir. Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. 
Müttəqilər Uca Allahın əmr və qadağalarına riayət etməklə özlərini Onun əzabından qoruyan kəslərdir. Məhz onlar üçün qurtuluş yeri – ağacları böyük və sıx-sıx olan bağlar və üzümlüklər, gözəçarpan dolğun döşlü həmyaşıd hurilər və şərabla dolu qədəhlər hazırlanmışdır. Onlar Cənnətdə öz aralarında nə faydasız, nə də yalan sözlər danışmayacaqlar. Çünki Uca Allah onların köksündəki kin-küdurəti çıxarıb kənar edəcək və onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olaraq söhbət edəcəklər. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. Bu mükafat onların dünyada xeyirxah əməllər edib günahlardan çəkindiklərinə görə mərhəmətli Allah tərəfindən artıqlaması ilə verilən töhfədir. O Allah ki, göylərin, yerin və onların arasında olan bütün məxluqların Rəbbidir.  
 
37-39. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar! 
Qiyamət günü insanlar Allahın izni olmadan Onun hüzurunda bir söz demək iqtidarında olmayacaqlar. O gün Cəbrail və digər mələklər göyün bütün qatlarından tədriclə enərək səf-səf duracaq və Mərhəmətli Allahın razı qaldığı doğru söz deyərək şəfaət etməyə izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. Uca Allahın haqqında xəbər verdiyi Qiyamət gerçək bir gündür. Kim istəsə Allahın razı qaldığı əməlləri edib öz Rəbbi yanında sığınacaq tapar.
 
40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!"
Burada Uca Allah insanları Axirət əzabı barədə xəbərdar edir və bu əzabın insan üçün yaxın olduğunu bildirir. Uca Allah buyurur:
“Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!” (ən-Nəziət, 46).
O gün hər bir insan öz əlləri ilə etdiyi əməllərin kitaba yazıldığını görəcək, kafir isə şiddətli əzabı gördükdə torpaq olmasını arzulayacaq.
 

Paylaş: