Qısa və mənalı danışmaq haqqında

    04.11.2015

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər) verildi" (Müslim). Digər rəvayətdə isə: "Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim". (Səhih əl-Buxari, 2977).
Rəvayət edilir ki, bir kişi qalxıb sözü uzadaraq danışdı. Amr ibn As (Allah ondan razı olsun) dedi: "Əgər bu adam qısa danışsaydı, özü üçün daha xeyirli olardı. Mən Rəsulullahın belə dediyini eşitdim: "Mənə əmr olundu ki, sözü uzatmayım. Çünki (sözü) uzatmamaq daha xeyirlidir". (Əbu Davud).
Aişə (Allah ondan razı olsun) demişdir: "Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar". (Səhih əl-Buxari və Səhih Muslim). Peyğəmbər danışdıqda elə danışardı ki, kəlmələri saymaq istəyən saya bilərdi. (Səhih əl-Buxari, Səhih Muslim).
Peyğəmbərin sözləri nə uzun yorucu, nə də ki qısa faydasız olardı. Özü də nə kobudluq edər, nə də bir kimsənin mənliyinə toxunardı. O, nə söyüşcül, nə də bazarda qışqırbağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayardı. (Səhih əl-Buxari).

Paylaş: