Savab qazanmaq üçün nə etmək lazımdır?
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən". (Səhih əl-Buxari və Səhih Muslim) -- Bunlar Allahın vacib buyurduğu əməllərdir. Onları edən böyük savab, etməyən isə böyük günah qazanır. Bunlardan əlavə savab qazanmaq üçün yollar olduqca çoxdur, bunlar Quran və peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərində bildirilmişdir: Valideynlərə yaxşılıq etmək, nafilə (əlavə) ibadətlər etmək (namaz, oruc və s.), Allahı çox zikr etmək, sədəqə vermək, elm öyrənmək və öyrətmək, ailənin, qohum-əqrəbanın haqqını vermək, yetimləri yedirtmək, günahlardan çəkinmək, harama baxmamaq və s.
Əməlləri puç edən digər səbəblərdən biri də bidətdir. Bidət dində yenilik etmək, peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi şeyləri etməkdir. Bütün ibadətlər, dinə aid məsələlər peyğəmbərin öyrətdiyi kimi edilməlidir, o demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur". (Səhih əl-Buxari, 2697).
Həmçinin Allah rizası üçün yox, başqalarına özünü göstərmək üçün edilən əməllər də puç ola bilər. Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Ümmətim üçün qorxub ehtiyat etdiyim əməllərdən biri də riyadır. O hansı əmələ daxil olarsa, onu puç edər". (İmam Əhməd "əl-Musnəd", 5/429; əl-Albani "Səhih əl-Cami", №: 155; İbn Məcəh "Sunən", №: 4205).
Əməllərdə və ibadətin bütün növlərində ixlaslı olmaq barədə də Uca Allah buyurur: "Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!" (əl-Beyyinə, 5).
"...Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).
Həmçinin oxuyun: Qadın evdə savab qazanmaq üçün nə etməlidir?