Günün istənilən saatında nafilə namaz qılmaq olar?
1) Dan yeri söküləndən, ta ki günəş üfüqdən bir nizə hündürlüyündə yüksələnə qədər. Günəşin üfüqdən nizə hündürlüyü qədər yüksəlməsi təxminən günəş çıxdıqdan 15-20 dəqiqə sonraya təsadüf edir.
2) Günəş göyün tam ortasında, yəni zenitdə olan vaxt, ta ki zeniti keçənə qədər.
3) Əsr namazından sonra, ta ki günəş tam batana qədər.
Bu vaxtlarda səbəbsiz nafilə namazları qılmaq qadağandır. Lakin məscidə girərkən qılınan salam namazı, istixarə namazı, qəza namazları kimi səbəbli namazlar istisnadır. Bu namazları istənilən vaxt qılmaq olar. Həmçinin, bu vaxtlarda cənazəni dəfn etmək də bəyənilmir. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər". (Səhih Muslim, 831).