Quranın bəzi ayələrinin nəsx olunmasının (unutdurulmasının) hikməti nədir?

    24.01.2016
Kimdən: 
Abu Bakr
Sual: 
Salam aleykum. Hamıya bellidir ki, bir çox ayeler kimi, recm ayeside nesx olunub. İslamda her şeyde hikmet var. Bes ayenin enib, sonra nesx olunub hedis formasında qalmasının hikmeti nedir. Qabaqcadan Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (əl-Bəqərə, 106). Təbii ki, Allahın hər bir işində hikmət olduğu kimi, bu məsələdə də hikmətlər vardır. Bu hikmətlərin bəziləri bizə bildirilmiş, bəziləri isə gizli qalmışdır. Məsələn, səhabələr buna hazır olmadıqları üçün, içki birdən birə yox, mərhələli şəkildə haram edilmişdir. İçki barəsində nazil olan ilk ayə budur: "Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür". (əl-Bəqərə, 219). 
Bir müddətdən sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın". (ən-Nisa, 43). 
Artıq səhabələr tam hazır olandan sonra isə bu ayə nazil olur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90).
Nəsx edilmiş (insanlara unutdurulmuş) ayələr müxtəlif cürdür:

  1. Həm ayə, həm də hökmü nəsx edilmişdir. Məsələn, Aişə (Allah ondan razı olsun) əvvəllər Quranda 10 dəfə südəmmənin evlənməyi haram edən qohumluq əlaqəsi yaratması haqqında ayənin olduğunu, sonradan həm ayənin, həm də hökmünün unutdurulduğunu demişdir (Muslim, 1542)
  2. Ayə nəsx edilmiş, hökmü isə qüvvədə qalmışdır. Məsələn, Ömər ibn Xəttab və Ubeyy ibn Kəb (Allah onlardan razı olsun) rəvayət etmişlər ki, evli zinakarın daşqalaq edilməsi ilə bağlı ayə unutdurulmuş, amma hökmü qalmışdır.
  3. Ayə qalmış, amma hökmü nəsx edilmişdir. "Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir." (əl-Mücadilə, 12)  ayəsi aşağıdakı ayə nazil olandan sonra nəsx edilmiş, amma Quranda qalmışdır: "Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır." (əl-Mücadilə, 13). 
Teqlər: 
Paylaş: