Namaz neçə dəqiqəyə qılınır?
Və aleykum Salam. Namazın neçə dəqiqəyə qılınması üçün bəlli bir vaxt məhdudiyyəti yoxdur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazları uzun müddətə də, qısaldaraq da qılıb. Biz müsəlmanlar üçün örnək Peyğəmbərimizdir (Ona və ailəsinə Allahın salavatı və salamı olsun). O (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631). Namaz qıldıqda sözlər aramla deyilir, hər hərəkətdə uyğun sözləri dedikdən sonra növbəti hərəkətə keçmək lazımdır. Əbu Hureyrə (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidə daxil oldu. Onun ardınca bir kişi məscidə daxil olub namaz qıldı, sonra gəlib Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun salamını alıb ona: "Qayıt namazını qıl, çünki sən namaz qılmadın" deyə ona buyurdu. Kişi qayıdıb əvvəl qıldığı kimi eyni ilə namazını qıldı, sonra gəlib Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) salam verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: "Sənə də salam olsun" dedi. Sonra isə: "Get namaz qıl, çünki sən namaz qılmadın” deyə buyurdu. Bunu üç kərə təkrarladıqdan sonra kişi belə dedi: "Səni haqq dinilə göndərənə and olsun ki, bundan başqasını bacarmıram, mənə öyrət”. O, belə buyurdu: "Namaza durduqda təkbir et, Qurandan bildiyini (əzbərlədiyini) oxu və ruku et. Rukuda tam rahatlaşana kimi qal. Sonra tam düz dayanana kimi qalx, səcdə et və səcdədə tam rahatlaşana kimi qal. Nəhayət qalx və tam rahat otur. Bunu bütün namazlarında et". (Muslim, 883).
Ümumən namaz nə qədər uzun qılınarsa, o qədər fəzilətlidir. Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ən fəzilətli namaz qiyamı (qiraəti) uzun olandır". (Muslim, 756). Qiyamın uzun olması üçün Qurandan uzun surələr əzbərləyib, Fatihə surəsindən sonra oxumaq lazımdır.