"əd-Duha" surəsinin izahı

    09.12.2014

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!
11. Və Rəbbinin nemətindən danış.

əd-Duha (Səhər) surəsinin izahı

And olsun səhərə! And olsun sakitləşən gecəyə!
Uca Allah bu surəni bir-birinə zidd olan iki şeyə and içməklə başlayır. Birinci, duha vaxtına, yəni günəşin işığı Yerin hər tərəfinə yayıldığı səhərə and içir. Sonra isə Yeri zülmətə bürüyən gecəyə and içir və buyurur:

Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu
Abdullah İbn Abbas bu ayə haqqında belə demişdir: “Allahın elçisinə Quran nazil olanda Cəbrail bir neçə gün gəlmədi və Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buna üzüldü. Müşriklər: “Rəbbi onu tərk etmiş və ona acığı tutmuşdu” – dedilər. Allah da “Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu” ayəsini nazil etdi”.
Muhəmməd peyğəmbər Uca Allahın ən sevimli bəndəsidir. Uca Allah ona Xəlilullah olmaq xüsusiyyətini bəxş etmişdir. Bu isə Allahın ən sevimli dostu deməkdir. İbrahim və Muhəmməddən başqa heç bir bəndə bu böyük xüsusiyyətə sahib deyildir. Peyğəmbər demişdir: “Allah İbrahimi ən sevimli dost etdiyi kimi məni də ən sevimli dost etmişdir.” Ondan əvvəlki peyğəmbərlərdən fərqli olaraq Allah onu bütün insanlara elçi olaraq göndərmiş və peyğəmbərlərin sonuncusu etmişdir. Ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Uca Allah buyurur: “Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən” (ət-Tur, 48).
Həmçinin buyurur: “O səni namaza duranda da görür, səcdə edənlər içində hərəkət edəndə də” (əş-Şüara, 118-119).
Uca Allah onu qətiyyən tərk etməmişdir, əksinə Öz mərhəməti və yardımı ilə onu əhatə etmiş, habelə onu dünya və axirətdə ucaltmışdır. Bu surədən sonra gələn əş-Şərh surəsində buyurduğu kimi: “Biz adını sənə görə ucaltmadıqmı?” (əş-Şərh, 4).

Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
Axirət - insanların Qiyamət günü dirilərək axırıncı mənzillərinə – Cənnətə və ya Cəhənnəmə daxil olacaqları gündür. Uca Allah öz Peyğəmbərinə Cənnətin ən uca mənzilini – Firdovs Cənnətini vəd etmişdir. Cənnətdə heç bir kəsin görmədiyi, eşitmədiyi və heç bir bəni-bəşərin ağlına belə gəlmədiyi nemətlər vardır. Cənnət elə bir yerdir ki, orada bir qamçı boyda yer dünya və onun içində olanların hamısından daha xeyirlidir. Peyğəmbər fani dünya həyatı haqqında isə belə demişdir: “Mənimlə bu dünyanın məsəli, ağacın kölgəsində dincini alıb sonra yoluna davam edən müsafirin məsəlinə bənzəyir” (Sünən İbn Macə).

Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan
Abdullah ibn Abbas demişdir: “Müsəlman ümmətinə nəsib olacaq xəzinələr Peyğəmbərə göstərildi və o, çox sevindi. Uca Allah da bu ayəni nazil etdi:

Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan!
Həmçinin, bu böyük nemətlərdən biri də Qiyamət günü Allahın onu insanlara şəfaətçi təyin etməsidir. Sonra Allah ona əvvəlki nemətlərini bəyan edərək buyurur:

Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
Peyğəmbər həm atadan, həm də anadan yetim olmuşdur. Hələ o, dünyaya gəlməmişdən əvvəl atası, südəmər körpə olduğu halda isə anası vəfat etmişdir. Lakin Allah ona qayğı göstərək onu babasının, daha sonra əmisinin himayəsinə vermişdir. Sonra Allah buyurur:

Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
Uca Allah buyurur: “Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin” (əl-Ənkəbut, 48). Peyğəmbər oxumağı və yazmağı bilməyən savadsız olduğu halda Allah ona ilahi elm bəxş edərək onun vasitəsilə insanlara doğru yolu göstərmişdir. Uca Allah buyurur:
“Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər” (əl-Cumuə, 2). Sonra Allah buyurur:

Kasıb olduğun zaman səni varlandırmadımı?
Uca Allah buyurur: “Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi” (əl-Fəth, 20). Müsəlmanlara vəd edilən qənimətlər onların doğru yola yönəlmələri və Peyğəmbərə itaət etmələri səbəbi ilə əldə edilmişdir. Peyğəmbər demişdir: “Allah yer üzünü mənim üçün bükdü, mən onun məşriqini də, məğribini də gördüm. Ümmətimin hökmranlığı mənə göstərilən yerlərə qədər çatacaqdır. Mənə qırmızı və ağ iki xəzinə verildi...” Qırmızı xəzinə dedikdə Fars hökmdarı Kəsranın əsasən qızıldan olan xəzinəsi, ağ xəzinə dedikdə isə, Bizans hökmdarı Qeysərin əsasən gümüşdən olan xəzinəsi nəzərdə tutulur.

Elə isə yetimə xor baxma!
O, səni yetim çağında qoruyub sığınacaq verdiyi kimi sən də yetimə xor baxma, əksinə, ona ehtiram göstər və yaxşılıq et!

Səndən kömək diləyəni qovma!
Bu ayənin mənasına, birinci olaraq, Allahın şəriəti barəsində sual vermək üçün müraciət etmək daxildir. Səndən şəriət barəsində sual verəni qovma, çünki o, şəriəti öyrənmək üçün soruşur. Uca Allahın buyurduqlarını ona bəyan etmək vacibdir. Allah buyurur: “O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: "Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!"– deyə buyurdu” (Ali İmran, 187).
Sual verən kəs səni özündən üstün bildiyi üçün sənə sual vermək üçün gəlir. Əgər sən onu qovsan, o, qorxuya düşəcək, fikirləri qarışacaq, verdiyi sualı və aldığı cavabı anlamayacaq. Həmçinin, mal istəmək də bu ayənin mənasına daxildir. Ona görə də gəlib səndən mal istəyəni qovma!

Və Rəbbinin nemətindən danış
Allahın Peyğəmbərə olan nemətləri yuxarıda qeyd etdiyimiz bu üç ayədə zikr edilənlərlə tamamlanır: “Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı?”
Elə isə nemətlər haqqında məxluqların qarşısında öyünərək deyil, etiraf edərək və neməti bəxş edənə şükür edərək danış. Həmçinin, Uca Allah ən böyük neməti olan İslam dini haqqında danışmağı buyurur.

Paylaş: