Müşk ətirli çubuqları yandıranda şeytanlar evdən qaçırmı?

    01.05.2016
Kimdən: 
Əli
Sual: 
Müşk nəyə xeyirdi? Evdə müşk çubuqlarını yandıranda şeytanlar qaçır evdən? Peyğəmbər müşk haqda nəsə deyibmi?
Cavab: 
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) şeytanı evdən uzaqlaşdırmağın üsullarını bildirmişdir: Evdə Quran, xüsusən də əl-Bəqərə surəsini oxumaq, azan vermək, namaz qılmaq, Allahı çox zikr etmək və s. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
Müşk və digər ətirlərdən istifadə etmək bu üsulların içərisində sadalanmamışdır. Amma ümumən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ətirdən istifadə etməyə təşviq etmişdir: "Dostum Cəbrayıl (aleyhis-sələm) mənə dedi ki, hər gün özünü ətirlə və bu işi xüsusən də cümə günləri tərk etmə". (əl-Buxari, Muslim).
Həmçinin, məlumdur ki, şeytanlar pis qoxuları sevir, gözəl qoxuları isə sevmirlər. Cadugərlər, falçılar bu səbəbdən şeytanın onlara daha çox vəsvəsə verməsi üçün özlərini murdarlayırlar. Mələklər isə gözəl qoxuları sevir, pis qoxulardan isə narahat olurlar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sarımsaq, soğan və kəvər yeyən məscidlərimizə yaxınlașmasın. Çünki insanların narahat olduğu șeylərdən mələklər də narahat olurlar". (Muslim, 1/395). 
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qoy sarımsaq və ya soğan yeyən adam bizdən uzaq dursun və ya məscidimizdən uzaqlaşsın və evində otursun!" Cabir (Allah ondan razı olsun) deyir: "Bir dəfə Peyğəm­bərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir qab təzə tərəvəz gətirdilər. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) tərəvəzin (xoşagəlməz) qoxusunu duyub (onun nə olduğunu) so­ruşdu. Qabda olan tərəvəzlərin (adlarını) ona dedilər. O da yanında duran əs­ha­bələrdən birini göstərib: "Bunu ona verin" - deyə buyurdu. Əshabə (onun ye­mədiyini) görəndə bu tərəvəzdən yemək istəmədi. Onda o buyurdu: "Ye, (mə­nə baxma), çünki mən sənin söhbət edə bilmədiyin (mələklərlə) gizli söh­bət aparıram". (əl-Buxari, 855).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cin­lərin gözləri ilə insanların ayıb yerləri arasına çəkilən örtük, birinizin ayaqyoluna daxil olmaq istədiyi zaman "bismilləh" deməsidir". (ət-Tirmizi, 606). 
Paylaş: