Allah bilə-bilə kiməsə əziyyət verir?

    29.04.2016
Kimdən: 
Əli
Sual: 
179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. ..... Yəni Allah Özü bilə bilə kiməsə əziyyət verir?
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır". (əl-Əraf, 179). Ayənin davamında Cəhənnəm əhli olan insanların hansı sifətlərə malik olması barədə danışılır. Quran oxuduğunuz zaman sizdə sual doğuracaq ayələrə rast gəlsəniz, ayəni axıra qədər, ondan əvvəlki və sonrakı ayələri də oxuyun. Belə etsəniz nə deyildiyini qismən də olsa başa düşə bilərsiniz. Məsələn, Uca Allah buyurur: "Vay halına namaz qılanların". (əl-Maun, 4). Əgər yalnız bu ayəni oxusaq, belə təəssürat yaranacaq ki, namaz qılanların halı pis olacaq. Lakin, sonrakı ayəni oxuyanda nəyin qəsd olunduğu aydın olur: "o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Maun, 5). Kimin Cənnətlik və Cəhənnəmlik olduğunu isə Allah bildiyinə görə belə deyir. Bu Allahın hər şeyi bilməsinə görədir, çünki Allah heç kəsi məcbur etmir. Allah insana seçim ixtiyarı verib, insan da pisi və yaxşını özü seçir. Sadəcə Uca Allah hər şeyi bilir və bilir ki, filankəs öz əməlinə, küfrünə görə Cəhənnəmə düşəcək. Uca Allah buyurur: "Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər". (ən-Nisə, 40); "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər". (Yunus, 44); "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).
Həmçinin oxuyun: Qədəri bəhanə gətirənlərə cavab
Teqlər: 
Paylaş: