Əhli Beyt haqqında

    12.02.2014
Kimdən: 
Toğrul
Sual: 
Salam aleykum. Əhli-beyt barəsində verdiyiniz cavab məni qane etmədi. Siz dəlil olaraq quranı gətirirsiz və çox da düz dəlil gətirirsiniz. Amma nəzərə alsaq ki, əksər quran ayələri səhih hədislərlə aydın olur, onda gərək bu cür ixtilaflı mövzularda da səhih hədislərə müraciət olunsun. Məlum ayədə Allah Təala (c.c) Əhli-beytin pak və günahsız, çirkinliklərdən uzaq olduğunu bizə çatdırır. Amma mən sizin Təhrim surəsinin ilk ayələrinin qısa şərhini burada qeyd etdiyinizi gördüm və bu şərhin həmin ayə ilə tamamilə ziddiyyət təşkil etdiyi məlum olur. Allahın (c.c) çirkinliklərdən uzaq etdiyinə şəhadət verdiyi insanlar belə xətaya qətiyyən yol verməzlər. vassalamu aleykum va rahmətullah
Cavab: 

Aleykum salam. Quran ayələri arasında heç bir ziddiyyət yoxdur. Bu bütün ayələrə aiddir. Uca Allah buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar". (ən-Nisa, 82).
Həmçinin, "əl-Əhzab" surəsində deyilənlərlə "ət-Təhrim" surəsində deyilənlər arasında da ziddiyat yoxdur. Bundan başqa, bilmək lazımdır ki, günahsız, xətasız insan yoxdur. Peyğəmbərlərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) günahsız olmaları onların məsum olmalarına görədir. Məsum sözü qorunmuş deməkdir. Yəni, Uca Allah Peyğəmbərlərini (Allahın onlara salamı olsun) günahlardan daima mühafizə etmişdir. Sözsüz ki, Uca Allah Peyğəmbərlərin (aleyhimis-sələm) əhli-beytini, onların ətrafında olan mömin şəxsləri də günahlardan təmizləmiş və çirkin əməllərdən qorumuşdur. Məsələ ondadır ki, bu təmizlənməni bəzi adamlar mütləq mənada başa düşürlər. Ona görə də onlar bir tərəfdən Uca Allahın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əhli beytini pak etmək istədiyini oxuyur, digər ayələrdə isə Uca Allahın onları hansısa bir əmələ görə qınadığını oxuyur və bu ayələrin bir-birinə zidd olduğunu güman edirlər. Uca Allah Qurani Kərimdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özü və onun səhabələri haqqında həm tərif söyləmiş, həm də onları qınamışdır. İslam alimləri bu cür, yəni qınaq xarakterli ayələrin tərbiyyəvi xarakter daşıdığını söyləmişlər. Bu ayələrdəki qınaq heç də onlara qarşı məzəmmət etmək məqsədini güdmür. Uca Allah Qurani Kərimi iyirmi üç il ərzində nazil etdirərək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında olan insanları daima tərbiyyə edib onları tarixin ən böyük şəxsiyyətlərinə çevirmişdir. Həmçinin oxuyun:
Əhli-beyt kimlərdir?    

Teqlər: 
Paylaş: