İnsanın yaradılışı
İnsanlar öz yaradılışlarının şahidləri olmadıqları halda onun haqqında necə danışa bilərlər?! Uca Allah Qurani Kərimdə əzəli həqiqətlər haqqında danışır və insanı haqqı dinləməyə çağırır: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun" (əl-Əraf, 204). Uca Allah insanın yaradılışı haqqında xəbər verərək buyurur: “Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun” (əl-Həcc, 5). Həmçinin, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - ilk insanın yaradılışı haqda belə demişdir: “Həqiqətən, Uca Allah Adəmi yerin bütün ərazilərindən götürdüyü bir ovuc torpaqdan yaratmışdır. Ona görə də Adəm oğulları yerin ərazıləri kimi qırmızı, ağ, qara və bunların arasında olan (başqa rənglərdə) dünyaya gəlirlər. Həmçinin, onların arasında üzüyola, qaraqabaq, xəbis və yaxşılar vardır.” Deyilənə görə Adəm sözü də elə torpaq deməkdir. İnsanın yaradılışı üçün sudan istifadə edilmişdir: “Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir” (ən-Nur, 45). Bir sözlə insan torpaqdan və sudan yaradılmışdır: “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz” (əl-Ənam, 2). Həmin palçıq quruduqda saxsı kimi oldu: “O, insanı saxsı kimi quru gildən yaratdı” (ər-Rahmən, 14). Allah gildən yaradılan bu yeni məxluqa əvvəlcədən yaratdığı ruhu üfürdü və o canlanmağa başladı. Allah ona eşitmə, görmə, danışıq qabiliyyəti və şüur verdi, sonra mələklərə ona səcdə etməyi əmr edərək buyurdu: “Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" (Sad, 72). Yaradıldıqdan sonra Adəm danışmağa və deyilənləri başa düşməyə başladı: “Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!" Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!" Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (əl-Bəqərə, 31-33). Uca Allah Adəmi yaratdıqdan sonra onun tayını - Həvvanı yaratmışdır: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!” (ən-Nisə, 1). Həmçinin, Allah onların məskunlaşdığı yeri bizə xəbər vermişdir: “Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız" (əl-Bəqərə, 35). Beləliklə insan, təkamülçülərin söylədikləri kimi primitiv üsulla və təkamül edərək yaranmamışdır. Əksinə o kamil bir şəkildə yaradılmış, sonra isə ölçüdə azalmağa başlamışdır. Peyğəmbər demişdir: “Allah Adəmi boyu altmış dirsək uzunluğunda yaratdı. Sonra buyurdu: “Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyətinin salamıdır”. Adəm onlara: “Əssələmu aleykum! (Sizə salam olsun!)”- dedi. Onlar da: “Əssələmu aleykə və rahmətullah! (Sizə salam olsun və Allahın mərhəməti yetişsin!)”- deyib, buna “və rahmətullah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs ora Adəmin surətində girəcəkdir. (Bilin ki,) indiyə qədər insanların xilqəti naqisləşməkdədir.” (əl-Buxari, 3326). Ona görə də möminlər Cənnətə Adəmin yaradıldığı həmin kamil surətdə girəcək. Peyğəmbər demişdir: “Cənnətə girəcək hər bir kəs Adəmin surətində, boyu altmış dirsək uzunluğunda olacaq. İndiyə qədər insanların xilqəti naqisləşməkdədir.” Həmçinin, Allah bəzi azğın insanları meymunlara və donuzlara çevirdiyini xəbər vermişdir. Meymunların və donuzların insana çevrilməsinə gəlincə, bunu ancaq cahil adamlar qəbul edir. Qurani Kərimdən və Peyğəmbərimizin hədislərindən insanın yaradılışı haqda deyilənlər insanda aydın təsəvvür yaradır. Bu deyilənlərdə heç bir qarma-qarışıqlıq və uydurma yoxdur. Bu mübarək yaradılış insana yalnız baş ucalığı gətirir.